Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtraış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə baş vermiş quldurluq cinayətini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.
Gəncə şəhər Baş Polis İdarəsinə vətəndaşa məxsus fərdi yaşayış evinə 2 nəfər maskalı naməlum şəxsin daxil olaraq ev sahibini həyatı təhlükəli zor tətbiq etməklə hədələyərək 1130 manat pul, 200 ABŞ dolları və 2 ədəd mobil telefonu quldurluq yolu ilə ələ keçirməsi barədə məlumat daxil olub.
İkin araşdırmalar nəticəsində cinayəti törədən şəxslərin Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Mirzəyev və Göygöl rayon sakini Abbas Sadıxov olmaları məlum olub.
İsti izlərlə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət törətməkdə şübhəli bilinən R. Mirzəyev Gəncə şəhərində, A. Sadıxov isə Bakı şəhərində saxlanılıb.
Sonuncu saxlanılan zaman üzərindən quldurluq yolu ilə əldə etdiyi pul əskinasları ilə bərabər 1 ədəd tapançaya bənzər alışqan da maddi sübut kimi müəyyən olunaraq götürülüb.
Baş İdarə əməkdaşlarının keçirdikləri digər bir əməliiyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş vermiş oğurluq cinayətinin də üstü açılıb.
Belə ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki ticarət mərkəzlərindən birinə qeyr-qanuni yolla daxil olaraq oradan külli miqdarda nağd pul oğurlamaqda şübhəli bilinən Arzu Hacıyev Samux rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edilən faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində cinayət işi başlanılıb.
Araşdırmalar davam etdirilir.