Ağdaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən, oğurluq cinayəti törədən və üzərində soyuq silah gəzdirən ümumilikdə 15 nəfər saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Şöbənin cinayət axtarış bölməsi və narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin saxlanması, daşınması və satışı ilə məşğul olan şəxslərə qarşı son 1 ay ərzində keçirilən əməliyyatlar zamanı 11 nəfər tutularaq məsuliyyətə cəlb edilib.
Saxlanılan-Xəyal Baxışov, Murad Bəhərçinov, Baba Beydullayev, Həsən Həsənov, Firuddun Məmmədov, Kamran Mamedov, Orxan Qasımov, Əli Quliyev, Arzu Səmədov, Camal Umarov və İlqar Nağıyevdən müxtəlif növ narkotik vasitələr aşkar edilib.
Onlar ifadələrində narkotiklərin dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.
Polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə qabaqcadan əlbir olaraq rayon ərazisində dəmir boruları oğurlayan - Eldəniz Mirzəyev, Azər və İlkin Məmmədovlar, eləcə də avtomobilində soyuq silah hesab edilən xəncər gəzdirən Pünhan İsmayılov saxlanılıb.
Faktlarla bağlı rayon polis şöbəsində cinayət işləri başlanılıb.
Araşdırmalar davam etdirilir.