Biləsuvarda baş vermiş partlayış hadisəsi ilə bağlı aparılmış axtarış-xilasetmə işləri nəticəsində 1988-ci il təvəllüdlü Günay Əliyevanın meyiti dağıntılar altından aşkar edilib.
Teleqraf.com-un xəbərinə görə, rayon prokurorluğundan bildirilib ki, bundan öncə Günay Əliyevanın iki övladı yaralı halda xilas edilərək xəstəxanaya yerləşdirilib. Hazırda onların müalicəsi davam edir.
Beləliklə də, faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.
***
01:21
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Biləsuvar şəhərində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində bir nəfər qadının cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Teleqraf.com-a FHN-dən məlumat verilib.
Ümumilikdə partlayışla əlaqədar FHN tərəfindən həyata keçirilmiş axtarış-xilasetmə əməliyyatı nəticəsində dağıntılar altından 2 nəfər sağ çıxarılıb, 1 nəfərin isə cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.