ABŞ-da erməni lobbisinin əsas tərəfdarlarından olan senator Robert Menendez Dominikan Respublikasından həddi-buluğa çatmamış fahişələrin fırıldaq yolu ilə tibbi sığortadan keçməsi və ABŞ-a daxil olmasında ittiham olunur. Senatora korrupsiya faktı ilə cinayət işi açılıb.
R.Menendez bundan əvvəl də şəxsi həyatı ilə gündəmə gəlib.
Faktla bağlı Milli Məclisin deputatları şərh veriblər.
"O, Azərbaycana qarşı daim qərəzli tənqidlər səsləndirir"
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov zaman-zaman Azərbaycanı tənqid edən Menendezin özünün əxlaq baxımından qüsurlu və kriminal həyatı olduğunu deyib: "Bu, ABŞ-ın siyasi həyatından kiçik bir epizoddur. Məsələ ondadır ki, Menendez təkcə Konqresdə güclü erməni tərəfdarı kimi məşhur deyil. O, Azərbaycana qarşı daim qərəzli tənqidlər səsləndirir, ölkəmizdə insan haqlarının pozulduğuna, korrupsiyanın olduğuna dair cəfəng fikirləri gündəmə gətirirdi. Anti-Azərbaycan dinləmələrinin əsas təşkilatçılarından biri də o idi. İndi isə korrupsioner, əxlaqsız və kriminal həyatı olan şəxsin Menendezin özü olduğu aydın olur".
R.Musabəyov əlavə edib ki, Konqresdə erməni lobbisinin əksər hissəsi məhz belə insanlardan formalaşır: "Menendez yalnız Azərbaycanı qərəzli tənqidlərinin hədəfi seçməmişdi. Hansı ölkə onu "yağlamırdı", həmin ölkələr də hədəfdə idi. Lakin bu hər şeyin bitdiyi demək deyil. Orda başqaları da var. Menendez ətrafında baş verən hadisə Konqresdə bir oğrunun digər "oğrunu tut" deyə qışqırmasına bənzəyir", - deyə millət vəkili bildirib.
"Onun qədim millətə sevgisinin kökündə qədim sənətə pərəstiş dururmuş!"
Deputat Adil Əliyev isə söyləyib: "Özlərini dünyanın ən ədalətli carçısı kimi göstərən Amerika və onun rəsmisinin başı dərddədir. Nahaqdan deməyiblər ki, kor atın da kor nalbəndi olar. Ermənilərin diktəsilə daim Azərbaycan və Türkiyəni tənqid edən Robert Menendezin rüşvətxorluqda və başqa yaramazlıqlarda əli olduğu bildirilir. Görünür, onun "qədim" millətə sevgisinin kökündə təkcə pul deyil, həm də qədim sənətə pərəstiş dururmuş!"
NƏRGİZ