Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının üzvləri sosial şəbəkələrdə təxribatla qarşılaşıb.
Teleqraf.com xəbər verir ki, səhər saatlarında ADR Hərəkatının Məclis üzvü Rahib Mirələmovun Facebook səhifəsində hərəkatdan istefa verdiyi barədə status paylaşılıb: “Hərəkatdan ayrılmaq haqqında qərar verirəm. Düşünürəm ki, bu gündən etibarən fəaliyyətimi Müsavat Partiyasında davam etdirim. ADR-dən istefa verirəm”.
Bir çox ADR-çilərin əvvəlcə R.Mirələmovun parolunun sındırıldığından xəbəri olmayıb və ondan niyə belə addım atdığını soruşublar. ADR-in İdarə Heyətinin üzvü Ellada Məmmədli isə bu statusun təxribat olduğunu və özünün bu barədə məlumatı olmadığını deyib.
R.Mirələmov bundan xəbər tutandan sonra statusu silib və skrinşotunu səhifəsində yerləşdirərək bu əməli törədənlər barədə sərt sözlər işlədib.
Onun sözlərinə görə, Facebook səhifəsinə müdaxilə edən şəxs duyuq düşüməsin deyə parolu dəyişməyib, sadəcə sındıraraq belə bir status yazmaqla kifayətlənib. R.Mirələmov qeyd etdi ki, bir neçə gün öncə başqa bir ADR üzvü Kamil Xəlilbəylinin də profili ələ keçirilib.
O, bu addımları ADR Hərəkatına qarşı qısqanclıqla əlaqələndirib: “Özüm Müsavat Partiyasının üzvüyəm. Bu hərəkəti partiya rəhbərliyinin adına bağlamaq istəmirəm. Amma düşünürəm ki, bunu rəhbərliyin əlaltıları edib. Hər zaman belə olaylara pis baxmışam. Bu hərəkəti edən şəxsi tapsam, onun cavabını özüm verəcəyəm. Konkret ad çəkmək istəmirəm”.
ADR üzvü sözügedən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməkdə tələsmək istəmir: “Belə hadisə ilk dəfə başıma gəlir deyə hələ gözləyirəm. Amma bu hal təkrarlansa, təbii ki, şikayət etməyə məcbur olacağam”.
Onun sözlərinə görə, ADR ictimai bir təşkilatdır və əsas hədəflərindən biri gənc ziyalıların, xanımların bu hərəkata qoşulub ölkəmizdə demokratik islahatların aparılmasına nail olmasıdır: “Biz xalqın maddi və mənəvi rifahının yüksəldilməsi üçün çalışırıq. Qarşımıza qoyduğumuz vəzifələr nə populizm, nə də radikalizimlə həllə yönəlib”.
Nərgiz