Milli Şuranın aprelin birinci həftəsinə mitinq təyin etdiyi günlərdə İspaniya xüsusi xidmət orqanlarına istinadən belə bir xəbər yayıldı ki, uzaylılar türkcə danışır.
Yalan-gerçək, o da xəbər verildi ki, bəs, qanı qanımızdan olmasa da, dili dilimizdən olan həmin uzay türkləri Günəşdən 4.3 işıq ili uzaqlıqdakı Alfa Sentavra adlanan sistemdə yaşayır və bizim planeti ziyarət etməkdə məqsədləri cümlə bəşəri kolonlaşdırmaqdır.
İşə bax ki, elə o günlərdə mən məşhur amerikan siyasi texnoloqu, dünyadakı “rəngli inqilablar”ın ağıl vericisi Cin Şarpın “Şiddətsiz çalışmalar siyasəti” (The Politics of Nonviolent Action) kitabını oxuyurdum.
“Uzay”, “kolon”, “Cin”, “rəngli inqilablar” kimi məfhumların beynimi qarışdırdığı bir gündə sual etməyə bilməzdim ki, madam dilimiz də eynidir, uzaq gəzəgəndən gəlmiş biri Milli Şuranın aksiyaları ilə bağlı nə düşünər, necə düşünər?
“Bu cür adamın adı, şübhəsiz ki, Esteban olmalıdı” yazan Qabriel Markes xatirimə gəldi və o saat qərara gəldim ki, Milli Şuranın mitinqi ilə bağlı maraqlanan uzaylının da ismi-şərifi mütləq “Əl-Əbfunac” olmalıdır.
Etiraz edə bilərsiniz ki, bu, türk yox, ərəb adına oxşadı, uzaq dünyanın ən mübariz, ən radikal, ən qatı müxalifətçisini belə çağırmaq planetlərarası demokratik həmrəyliyə qarşı təxribatdır, ancaq səbriniz olsun.
Mən ərz edim və siz də agah olun ondan ki, uzaylı demokrat qağamız öz ismi-şərifini bizim planetin ən mübariz, ən radikal, ən qatı müxalifətçiləri olan Əli Kərimlinin, Əbülfəz Qurbanlının, Fuad Qəhrəmanlının, Natiq Ədilovun adlarını bir araya gətirərək alıb. Uzaylının ismi belə, yəni ərəbəbənzər alınıb ona görə yox ki, bir zamanlar AXCP-nin xalqa misal göstərdiyi Suriya, Misir, Yəmən, İraq yaman gündədir, haşa; səbəb budur ki, hərəsinin adından bir-iki hərf götürən hərifin də ayağı Adəm oylağına dəyəndən Milli Şuranın rəhbərliyindəkilər kimi “Müsəlman qardaşları” simpatizanına çevrilib.
Təsəvvür edin, Əl-Əbfun gedir Azərbaycan iqtidarının ixtiyari bir nümayəndəsinin yanına və soruşur ki, siz ölkənizi necə idarə edirsiniz?
Həmin iqtidar nümayəndəsi də cavab verir ki, lap yaxşı idarə edirik. Bir hakimiyyətin bir nümayəndəsinin belə deməsi son dərəcə təbiidir, əksini iddia edəsi deyil ki?
Daha sonra Əl-Əbfun yolunu salır bir müxalifət partiyasına – Müsavata. Qərargahda tapsa, İsa Qəmbərdən, ona əli çatmasa, Arif Hacılıdan soruşur ki, bu iqtidar ölkəni necə idarə edir?
Heç şübhəsiz, onlar da “əsl müxalifət” olduqlarının altından xətt çəkərək söyləyirlər ki, “çox pis”…
Bizim uzaylı adından hərf qopardığı cəbhəçilərin tayı deyil, planetlər görmüş adamdır, nə qədər olmasa da, üstün sivilizasiyadan gəlib. O bilir ki, Hegelin Prussiyanı “dialektikanın zirvəsi” sayması da, Fukuyamanın liberalizmi “Tarixin sonu” adlandırması da gerçək çıxmayıb. Azərbaycan inkişaf etməkdə olan bir dövlətdir – burada uğurlar da var, sorunlar da.
Nə qədər ki dövlətlər, ölkələr, cəmiyyətlər var, o qədər də tərəqqi olacaq, problemlər olacaq, onların çözülməsi üçün addımlar atılacaq, o cümlədən hakimiyyət uğrunda mübarizə də gedəcək. Elə bu qənaətlə də Əl-Əbfun üz tutur Əli Kərimliyə.
Baxın, Əli bəy,- deyir,- biz uzaylılar Yer kürəsini öz kolonumuza çevirmək istəyirik. Bunun üçün öncə Azərbaycanı sizin bəşəriyyətiniz əleyhinə “beşinci kolon”a döndərməyi düşünürük. Bu sahədə xüsusi təcrübə sahibi olduğunuzu nəzərə alıb Azərbaycanda məhz Sizi hakimiyyətə gətirə bilərik, amma bir-iki sualımız var.
“Buyurun, Əl-Əbfun”- deyə AXCP sədri üzünə məmnun görkəm verirərək əlini qarşısındakı fincana uzadır.
Əl-Əbfun da çayından bir qurtum içərək soruşur:
“Sizi hakimiyyətə gətirsək, Maliyyə naziriniz, Vergilər naziriniz , İqtisadiyyat və Sənaye naziriniz, Əmək və Əhalinin Sosial Müdafiəsi naziriniz, Kənd Təsərrüfatı naziriniz, Mərkəzi Bank sədriniz, SOCAR prezidentiniz kim olacaq?”
Mən Əli Kərimlinin uzaylının bu sualına nə cavab verdiyini bilmirəm, arzu və təmənna edirəm ki, aprelin əvvəlində çıxacağı mitinqin tribunasından Əl-Əbfunun bu sorusunu da cavablandırsın…
Cavablamasa, deməli, Əli Kərimli həmin postları uzaylılara vəd edib…
Ancaq bildiyim başqa bir-iki şey var. Azərbaycan müxalifəti “Ərəb baharı”nın təsirindən cuşa gəlib başına əmmamə bağlamağa hazırlaşanda demişdim ki, o coğrafiyada baş verənlər qətiyyən demokratik inkişafa təkan verməyəcək.
Bu proqnozu vermək üçün dahi-filan olmağa gərək yox idi, sadəcə, gerçəkliyi fərq etmək lazım: istənilən cəmiyyətdə demokratiyanın dayağı rasional vətəndaş tipidir.
Əgər Ərəbistanda bu cür vətəndaş mədəniyyəti yoxdursa və heç zaman da olmayıbsa, o zaman “küçələrin həmləsi” anarxiya, terror, iç savaş və xarici basqılar doğurmağa məhkumdur. Sual oluna bilər ki, yaxşı, nədən xristian dinli Ukrayna və Gürcüstanda da “rəngli inqilablar” özünü doğrultmadı?
Bu suala cavab verə bilmək üçün Cin Şarpa müraciət etmək, dananın quyruğunun necə qoparıldığını görmək lazımdır. Əzizlərim, kütləvi aksiyaların təşkili, sərbəst toplaşmaq azadlığı, etiraz hüququ, ifadə özgürlüyü – bütün bunlar rəngli inqilablar texnologiyaları konteksində öz məzmununu tamamilə dəyişir və DESTABİLLƏŞDİRMƏyə xidmət edir.
Kütləvi itaətsizlik, hərc-məclik, diskreditsiya və sabotajlar vasitəsi ilə DÖVLƏT GÜCÜ zəiflədilir və yalnız bundan sonra rəsmi binalar işğal edilir. Odur ki, cəmiyyətin demoqrafik parametrlərindən asılı olmayaraq, DÖVLƏT GÜCÜnü zəiflətdiyindən rəngli inqilablardan sonra ağ günlər başlamır. Azərbaycanda rəngli inqilab arzusunu doğrulda biləcək heç bir iqtisadi, sosial və siyasi faktor yoxdur, bu, başqa söhbətdir.
Ancaq gəlin indi ona baxaq ki, istənilən “rəngli inqilab” arzunun içində var olan DESTABİLLƏŞDİRMƏ texnologiyası Azərbaycana nə vedir?
1) İnfilyasiya, bahalaşma, büdcə təşkilatlarının və özəl qurumların ödəniş qabiliyyətinin itməsi.
2) Kriminogen vəziyyətin nəzarətdən çıxması, qətllərin, soyğunçuluq və talanların başlanması.
3) Dövlət qurumlarının iflic vəziyyətə gəlməsi ilə Ermənistanın Azərbaycana təcavüzünün yeni miqyas alması.
4) Azərbaycanda marağı olan digər dövlətlərin təsir dairəsində olan qrupların silahlanması və çatışması.
5) Yeni separatizm meyillərinin baş qaldırması.
Bütün bunlar isə, sadəcə, o anlama gəlir ki, Azərbaycana “rəngli inqilab” idxal etmək istəyin istənilən siyasi qrup bu ölkənin müstəqilliyinin, bu dövlətin mövcudluğunun, bu xalqın firəvanlığının qəsdinə durub.
Elə bu səbəbdən də mən ölkəmizdə müxalifətin fəal və güclü olmasını arzu etməyimə, demokratik haqq və özgürlüklərin daha da genişlənməsini istəməyimə, sivil etiraz aksiyalarının təşkilinə sayğı ilə yanaşmağıma baxmayaraq, Milli Şurada cəmlənən qaragüruhun mitinq təşəbbüslərini dəstəkləmirəm, Əli Kərimlinin, Cəmil Həsənlinin, Eldəniz Quliyevin siyasət anlayışı və əxlaqından kimsəyə xeyir gələcəyini zənn etmirəm.
Adım kimi əminəm ki, həmin adamların və onların Şurasının əsl amacı Azərbaycanı yuxarıda qeyd etdiyim istiqamətlər üzrə bataqlığa sürükləmək bahasına hakimiyyətə gəlmək şansı yaxalamaqdır.
Zira, Əli Kərimli hətta bu qəbuledilməz məqsədi üçün də inandırıcı mövqe ortaya qoymağı bacarmır.
Xatırlayıram ki, bayram ərəfəsində o, sosial şəbəkədəki hesabında Sinqapurdan və Li Kuan Yudan yazmışdı, sözü hərləyib Azərbaycana gətirmiş, iqtidarı hədəfə almışdı.
Mənim müstəqil bir jurnalist və siyasi icmalçı olaraq iqtidarın adından Əli Kərimliyə cavab verməyə heç bir ixtiyarım və mükəlləfiyətim yoxdur – bu, YAP funksionerlərinin və hakim partiyanın parlamentdəki nümayəndələrinin işidir.
Ancaq bir vətəndaş və rasional vətəndaş olaraq o qısa deməci görər-görməz fərq etdim ki, AXCP sədrinin “Sinqapur modeli”ndən, əslində, dərin məlumatı yoxdur.
Əgər Əli Kərimlinin Sinqapurdan və onun modelindən dərin bilgiləri olsaydı, o, heç şübhəsiz, “kiasu fenomeni”nin – İTİRMƏK QORXUSUnun həmin ölkə vətəndaşlarının identifikasiyasının əsasını təşkil etdiyini də bilərdi. Olduqca maraqlı və yetərincə araşdırılmış fenomen olan kiasu barədə ətraflı danışmadan, mövzunun ən ümumi kontekstindən çıxış edərək bir sual qoyaq: AZƏRBAYCAN VƏTƏNDAŞININ İTİRMƏK
QORXUSU VARMI?
Bəli, var!
Azərbaycan insanı yuxarıda söz açdığım rəngli inqilab və destabilləşdirmə ehtimalı qarşısında gəlirini, mülkiyyətini, həyatını, doğmalarını, torpağını, dövlətini, müstəqilliyini və gələcəyini itirməkdən qorxur.
Azərbaycan insanının bu gün itirməkdən qorxduğu hər şey Prezident İlham Əliyevin yolu, kursu və siyasəti sayəsində qazanılıb.
Bax, elə buna görə də Milli Şuranın mitinqinə qatılmağa ancaq azsayda marginal həvəs göstərir.
Bax, elə buna görə də YALANA SIĞINMIŞ TALAN ARZUSU Milli Şuranın gözündə qalır.
Bax, elə buna görə də AXCP hakimiyyət iddiası üçün ancaq uzaylılardan mədət umacaq günə düşüb...