Partiya Ankaranı Ermənistana və erməni diasporuna münasibətdə yürütdüyü yumşaq siyasətini sərtləşdirməyə çağırıb.
Dünən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin növbəti sessiyası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən xəbərə görə, sessiyada BAXCP Ali Məclisi Azərbaycan və Türkiyə türklərini, o cümlədən tarix boyu ermənilərin qanlı cinayətlərinə məruz qalan bütün xalqları 24 Apreli Xilaskar Türk Əsgərinin Anım Günü kimi qeyd etməyə çağırıb, eyni zamanda müraciət qəbul edib.
Həmin müraciətdə bildirilir:”Regionda və dünyada baş verən siyasi proseslərə ikili standartlardan yanaşma, tarixi həqiqətlərin geosiyasi və korporativ maraqlar müstəvisində təhrif olunması, ayrı-ayrı güclərin zor, ədalətsizlik, irqi və dini ayrıseçkilik üzərində qurulmuş siyasəti günümüzün ən ağrılı və sivilizasiyalar arası münasibətlərin gərginləşməsinə xidmət edən problemlərindəndir. Dünyada beynəlxalq təhlükəsizliyin, hüququn aliliyinin, bəşəri dəyərlərin qorunmasına görə məsuliyyət daşıyan dövlətlərin və onların dominant rol oynadıqları beynəlxalq təşkilatların riyakar siyasəti bəşəriyyəti yeni qarşıdurmalara və fəlakətə sürükləyir.
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsinə, işğal nəticəsində 1 milyon Azərbaycan vətəndaşının öz evlərindən didərgin düşməsinə, Xocalıda dünyanın gözü qarşısında soyqırım törətmiş və hazırda Ermənistana rəhbərlik edən hərbi cinayətkarların cəzasız qalmalarına rəğmən, 100 illik erməni yalanları üzərindən tarixin qaranlıq dolanbaclarında “soyqırım” axtarışı, heç şübhəsiz ki, ikili standartların, siyasi simasızlığın bariz nümunəsidir.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Ali Məclisi Roma Papası II Frensiskin erməni yalanlarının həqiqət kimi təqdim olunmasına xidmət edən bəyanatını, Avropa Parlamentinin qondarma “erməni soyqırımı”nın tanıması barədə qətnaməsini sivilizasiyalar arası dialoqa zərbə vuran, işğalı, milli və dini bölücülüyü stimullaşdıran addım kimi dəyərləndirir. BAXCP Ali Məclisi hesab edir ki, 100 illik sükutdan sonra tarixdə baş verməyən bir olay haqqında heç bir tutarlı əsas və səbəb göstərilmədən kampaniya xarakterli davranışların sərgilənməsi, bunun qarşılığında Azərbaycan torpaqlarında davam edən erməni işğalı ilə bağlı nümayiş etdirilən sükut Azərbaycan xalqına qarşı soyqırım həyata keçirən hərbi cinayətkarların himayə olunmasına, soyqırım cinayətlərinə haqq qazandırılmasına xidmət edir.
BAXCP Ali Məclisi Avropa Parlamentinin məlum qətnaməsinin 4-cü maddəsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son verilmədən, Türkiyənin qarşısında işğalçı ölkə ilə sərhədlərini açmaq tələbinin qoyulmasını işğalı, zorakılığı və separatizmi stimullaşdıran hərəkət kimi qiymətləndirir”.
Müraciətdə daha sonra bildirilir:”BAXCP Ali Məclisi hesab edir ki, Avropa Parlamentinin qətnaməsində Avropa Birliyinə daxil olan ölkələrə qondarma “erməni soyqırımı”nı tanımaq barədə tələbin irəli sürülməsi demokratiya, fikir və söz azadlığı prinsiplərinin ayaqlar altına atılmasıdır.
Avropa Parlamentinin qətnaməsini qətiyyətlə pisləyən BAXCP Ali Məclisi Türkiyə hökumətini Ermənistana və erməni diasporuna münasibətdə yürütdüyü, özünü doğrultmayan yumşaq diplomatiya siyasətindən əl çəkməyə, beynəlxalq hüquqa və Türkiyə Respublikasının qanunvericiliyinə uyğun addımlar atmağa çağırır.
BAXCP Ali Məclisi Azərbaycan və Türkiyə hökumətlərini, hər iki dövlətin milli maraqlarını üstün tutan bütün qüvvələri Ermənistanın işğalçılıq siyasətinə və erməni yalanlarına qarşı daha çevik siyasət yürütməyə, sabit və daha dayanıqlı mövqedən çıxış etməyə dəvət edir”.
Cavidan