Bu gün “Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Koalisiyası tərəfindən “Anti-Azərbaycan kampaniyasının təşkilatçıları göründükləri və olduqları kimi” mövzusunda dəyirmi masa keçirilib.
Teleqraf.com-un xəbərinə görə, tədbirdə çıxış edən Koalisiyanın koordinatoru Rufiz Qonaqov bildirib ki, Avropa Oyunları yaxınlaşdıqca Azərbaycana qarşı kampaniyalar artır: "Bu məsələlərə münasibətimizi bildirməliyik. Həmin kampaniyaları aparnların adları açıqlanmalıdır”.
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli qeyd edib ki, ilk Avropa Oyunları Bakıda keçirildiyinə görə, standartlar da burada formalaşır: “Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi sahəsində öz mövqeyini gücləndirəcək, o cümlədən erməni diasporunun anti-Azərbaycan siyasətinə zərbə vuracaq. Çünki ermənilər bildirir ki, Azərbaycan tolerant ölkə olmadığı üçün onların həyatına təhlükə var. Lakin Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi isə onların dünyaya yaymaq istədiyi yalanları aşkar edir. Azərbaycana qarşı həyata keçirilən kampaniyaların arxasında Ermənistan, ermənipərəst qüvvələr və erməni lobbisi dayanır".
Əmək Hüquqları Liqasının icraiyyə komitəsinin sədri Sahib Məmmədov bildirib ki, Avropa Məhkəməsinin qərarlarına baxarkən xeyli sayda problemlərin olduğu aşkarlanır. Onun sözlərinə görə, toplaşmaq azadlığı Avropa məkanında tam təmin olunmayıb: “Azərbaycanla bağlı isə belə bir qərar yoxdur. Ya bu qanunlar bizdə daha yaxşıdır, ya da ki, şikayət olunmayıb. Qeyd edim ki, şikayətlər olub, sadəcə iddia dərəcədə əsaslandırılmış olmayıb. Amerikada da bu sahədə xeyli problemlər var”.
S.Məmmədov deyib ki, Azərbaycanda dünyadakı təcrübədən fərqli olaraq birləşmək azadlığı üçün icazə tələb olunmur. Onun sözlərinə görə, birləşdikdən sonra sadəcə dövlət qeydiyyatına alınmaq üçün müraciət olunur.
Bəxtiyar