16 May 2015 14:52
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Arzu edirəm ki, Azərbaycan gəncləri layiqli vətəndaş, vətənpərvər olsunlar, vətənlərini dərindən sevsinlər. Vətənpərvər o insan ola bilər ki, onun başlıca qürur mənbəyi öz milləti, öz dövləti olsun. Öz dövlətinizlə, xalqınızla qürur duymağı bacarın. Belə olan halda hər bir gənc vətənpərvər olacaq. Belə vətənpərvərlərin yaşadığı ölkəyə də heç kəs təcavüz edə bilməz. Çünki onlar biləcək ki, o ölkənin vətəpərvərləri hər bir təcavüzə qarşı dayanacaq".

Trend-in məlumatına görə, bunu Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin IV hesabat-seçki konfransında çıxışı zamanı deyib.

Ə.Əhmədov qeyd edib ki, gənclərimiz onların gələcək həyatlarında çox lazım olacaq xarakter və mənəvi keyfiyyətləri mənimsəməlidirlər: "Çünki gənclik dövründə formalaşan xarakter insanın taleyində mühüm rol oynayır".

O, gəncləri YAP-a sadiq olmağa çağırıb: "Partiyaya sadiq olun. Fədakarlıq nümunələri göstərməyinizi arzu edirəm. Fədakarlıq numunələrinə sahib olsanız, uğur qazanmağınız üçün ciddi əsaslar yaranacaq".

Baş nazirin müavini eyni zamanda bildirib ki, gənclər dərin biliklərə yiyələnməli, müasir dünyagörüşünə sahib olmalıdırlar, çünki insanı firavan həyata aparan yeganə yol savaddır: "Ona görə də YAP gənclərindən gözlədiyimiz onların biliklərə yiyələnməsi, elm sahəsində çalışmasıdır. Məhz bu biliklər sayəsində Azərbaycan üçün layiqli vətəndaş kimi fəaliyyət göstərə bilsinlər, Azərbaycanı layiqincə təmsil edə bilsinlər. Azərbaycan dünya birliyinə sürətlə inteqrasiya olunur, elmi simpoziumlarda iştirak edirlər. Azərbaycan gəncləri öz biliklərini dünyada təmsil etmək imkanına malikdir. Ümid edirəm ki, bizim gənclər özlərini bu keyfiyyətdə təmsil edə bilərlər".


Müəllif:

Oxşar xəbərlər