4 İyun 2015 16:13
1 104
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müşfiq Ələsgərli: “İsbat edildi ki, problemlər Avropa dövlətləri üçün də xarakterik hala çevrilməkdədir”

Avropa qitəsinə daxil olan ölkələrdə fəaliyyət göstərən jurnalist təşkilatlarının illik toplantısı keçirilib.

Monteneqronun Budva şəhərində 01-03 iyun 2015-ci il tarixlərində keçirilən toplantıya Avropanın 40 ölkəsindən 49 jurnalist təşkilatı qatılıb. Avropa Jurnalistlər Federasiyasının təşkilatçılığı və ATƏT-in dəstəyi ilə keçirilən toplantıda Azərbaycandan Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) iştirak edib.

JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, ATƏT və Avropa Birliyi təmsilçilərinin də qatıldığı tədbir “Avropa məkanında medianın spesifik problemləri və yeni çağırışlar” mövzusuna həsr edilib:

“Tədbirin şüarı bu oldu ki, qlobal media məkanının mütərəqqi inkişafında lokomotiv rolunu oynamalı olan Avropa mediası özü ciddi sınaqlarla üz-üzə qalıb. Xüsusi olaraq media sahibkarlığı məsələsində qeyri şəffaflığın artması, nüfuzlu media qurumlarının qeyri-rəsmi güclərin təsir dairəsinə düşməsi və onların maraqlarının təmsilçisinə çevrilməsi; reklam işinin media üçün gəlir mənbəyi olmaq mahiyyətini itirərək iri korporasiyalar üçün maliyyə maxinasiyası vasitəsinə çevrilməsi; redaksiyalarda peşəkar jurnalist heyətlərinin kütləvi ixtisar edilməsi, əmək hüquqlarının qorunmaması, əmək haqqının azlığı kimi səbəblərdən media məkanında qeyri-peşəkarlığın sürətlə artması; jurnalist ölümü hallarının çoxalması, jurnalst təhlükəsizliyi məsələsinin aktuallaşması; onlayn medianın inkişafı ilə əlaqədar olaraq müəllif hüquqlarının qorunması məsələsində problemlərin yaranması konfransda ciddi müzakirə edildi”.

Müşfiq Ələsgərli bildirib ki, beynəlxalq jurnalist təşkilatlarında narahatlıq doğuran digər bir məqam, sadalanan problemlərin ayrı-ayrı ölkələr üçün deyil, ümumilikdə Avropa məkanı üçün xarakterik hala çevrilməsidir: “Konkret nümunələr gətirilərək isbat edildi ki, sadalanan problemlər ucqarlar üçün deyil, Avropanın mərkəzi və inkişaf etmiş dövlətləri üçün də xarakterik hala çevrilməkdədir”.

JuHİ sədri bildirib ki, konfrans iştirakçıları neqativ tentensiyaların qarşısının alınması üçün, media qurumları arasında həmrəyliyin artırılmasının, əlaqələrin gücləndirilməsinin zəruri olduğu fikrini bölüşüblər.

Konfrans çərçivəsində Rusiya Jurnalistlər Birliyi ilə Ukrayna Media İşçilərinin Həmkarlar İttifaqı arasında dialoq keçirilib. Hər iki qurum Rusiya və Ukrayna arasında yaşanan gərginliyə rəğmən, münaqişə bölgəsində fərliyyət göstərən jurnalistlərin hüquqlarının müdafiə edilməsi yönündə əməkdaşlıq etmək barədə qərar veriblər.

Cavidan


Müəllif:

Oxşar xəbərlər