10 İyun 2015 19:23
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vitse-spiker: “2009-2015-ci illərdə 600 min yeni əhali qeydiyyata alınaraq təbii qazla təmin olunub”

Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. Teleqraf.com xəbər verir ki, komitənin sədri, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, gündəliyə “Qaz təchizatı haqqında” qanununda dəyişikliklər edilməsi barədə” məsələ daxil edilib.

Vitse-spiker məlumat verib ki, son illər ölkəmizin qaz sənayesində böyük işlər görülüb: “Son 6 ildə yaşayış məntəqələrinin və massivlərinin qazlaşdırılması məqsədilə 24 qaz-paylayıcı stansiya tikilib, 29 min 519 km uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb. Bunlardan 1617 km Bakıda, 27 min 902 km isə regionlarda çəkilib. 2009-2015-ci illərdə 600 min yeni əhali abunəçisi qeydiyyata alınaraq təbii qazla təmin olunub ki, bunlardan 191 min 550 abunəçi paytaxtda, 408 min 450 abunəçi isə regionlarda yaşayır. Nəticədə təbii qazdan istifadə edən abunəçilərin sayı 1 milyon 756 min 464 nəfərə çatıb. “Smart-kart” tipli sayğacla təmin olunmanın sayı 917 min 293-ə çatıb ki, bu da 52 faiz deməkdir”.

Valeh Ələsgərov deputatların nəzərinə çatdırıb ki, bütün bu müsbət dəyişikliklər “Qaz təchizatı haqqında” qanunda bir sıra dəyişikliklərin edilməsi zərurətini meydana gətirib.

Sonra iclasda ARDNŞ-ın nümayəndəsi Vüqar Eyvazov təklif olunan dəyişikliklərlə bağlı bildirib ki, ölkədə qaz təchizatı sahəsində münasibətlər getdikcə genişlənir, infrastruktur artır, istehlakçılar çoxalır: “1998-ci ildə qəbul edilmiş qanun istehsalçı ilə istehlakçılar arasındakı yeni münasibətləri tənzimləyə bilmir. Hazırda müzakirəyə çıxarılmış qanun layihəsi intensiv inkişafda olan qaz təchizatı sahəsinin hüquqi tənzimlənməsindəki boşluqları aradan qaldırmağa xidmət edəcək.

Komitə üzvləri Hüseynbala Mirələmov, Fuad Muradov, Fərhad Qəribov, Etibar Hüseynov, Muxtar Babayev, Malik Həsənov və komitə sədrinin müavini Elton Məmmədov müzakirəyə çıxarılmış sənədə dair fikirlərini və təkliflərini açıqlayıb. Qanun layihəsinin qarşıdakı sessiyada plenar iclasa təqdim olunmasını məqsədəuyğun saydılar.

İclasda “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev deputatları maraqlandıran məsələlərə aydınlıq gətirib, suallara cavab verib.

Müzakirələrin yekununda qanun layihəsi deyilən təkliflər nəzərə alınmaq şərtilə Milli Məclisin payız sessiyasında plenar iclasın gündəliyinə tövsiyə olunub.

Nemət


Müəllif:

Oxşar xəbərlər