8 Avqust 2015 19:41
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Natiq Miri: “Amerika Türkiyənin İsrail və Misirlə münasibətlərini bərpa etmək istəyir”

Ərəstun Oruclu: “Obamanın bu fikirlərini Türkiyənin anti-İŞİD koalisiyasında fəal olmağa çağırış kimi dəyərləndirmək olar”

ABŞ prezidenti Barak Obamanın avqustun 5-də Ağ evdə ölkənin 10 mətbuat orqanının təmsilçiləri ilə keçirdiyi görüşdə hansı məsələlərdən danışıldığı ortaya çıxıb.

“Huffington Post” nəşri görüşdə müzakirə olunan mövzulardan biri kimi Türkiyənin PKK və İŞİD terror təşkilatlarına qarşı həyata keçirdiyi hərbi əməliyyatlar olduğunu yazıb.

Jurnalistlərin əməliyyatların narahatlıq yaradıb-yaratmadığı barədə sualına cavab olaraq, Obama deyib ki, Türkiyənin PKK hücumlarından özünü müdafiə etmək hüququ var: “Ancaq hazırda həlli vacib olan İŞİD məsələsidir. Əcnəbilərin Türkiyə sərhədlərindən keçərək, İŞİD-ə qoşulmasının qarşısının alınması ən önəmli məsələdir. Türkiyənin həyata keçirdiyi əməliyyatların əsas hədəfi PKK yox, İŞİD olmalıdır. Bütün cəhdlər buna yönəlməlidir”.

Məsələyə münasibət bildirən politoloq Natiq Miri bildirib ki, əslində, İŞİD qruplaşması İslam çətiri altında özbaşına fəaliyyət göstərən bir terror təşkilatı deyil. Onun sözlərinə görə, onun ipi və idarə olunması konkret dünya güclərinin əlindədir: “Bu da bir çox dünya güclərinin geosiyasi maraqlarına xidmət edir və diqqət edirsinizsə, xaos olan ölkələrdə həmin dünya güclərinin marağı varsa, məhz İŞİD o istiqamətə yönləndirilir. Təbii ki, Yaxın Şərqdə gedən proseslərdə də ABŞ-ın bilavasitə maraqları var. Çünki ”Ərəb baharı"ndan sonra ABŞ-ın mövqeləri Yaxın Şərqdə əhəmiyyətli dərəcədə zəifləyib. Demək olar ki, Yaxın Şərqə nəzarəti birmənalı olaraq itirib. Bu, təkcə ABŞ-la bağlı deyil, eyni zamanda həmin regionda Amerikanın vuran əli, görən gözü və starteji müttəfiqi olan İsrail dövlətinə də aiddir. Bu gün İsrail tamamilə təhlükəli duruma düşüb. Yəni, təhlükəsizliyi əvvəlki kimi qarant altında deyil. Ona görə də İŞİD məhz həmin bölgədə, yəni Yaxın Şərqdə, bilavasitə İraqda və Suriyada fəaliyyət göstərir. Bu o torpaqlardır ki, həmin ərazilər zəngindir. Həmin torpaqlardan çıxan neft qeyri-leqal şəkildə dünya maliyyə güclərinin əli ilə Avropa bazarlarında satdırılır və əldə olunan nağd pul vasitəsilə həmin terror təşkilatları silahlanır və fəaliyyət göstərməyə davam edirlər. İndiki şəraitdə məhz İŞİD-in vasitəsilə Yaxın Şərqdə idarə olunan bir xaos şəraiti yaradılır. Eyni zamanda, bu xaosun, savaşın nəticəsində ABŞ öz ətrafında yeni bir koalisiya yaratmaq imkanı qazanır. Ən azından bunun üçün müəyyən ciddi zəmin və bəhanələr yaradır. Çünki İŞİD nəinki ABŞ, o cümlədən ərəb və digər region dövlətləri, həmçinin qardaş Türkiyə üçün də ciddi təhlükə yaradır. Dünənə qədər Türkiyə yaradılan koalisiyaya yalnız sözdə qoşulmuşdursa, bu gün öz ölkəsi və sərhədlərinə təhlükə gördüyü, geosiyasi maraqlarına ciddi zərbələr dəyəcəyi üçün əməli olaraq qoşulmaq üzrədir".

N.Miri deyib ki, yaxın zamanlarda İŞİD-ə qarşı ABŞ-ın yaratdığı koalisiya ilə birgə ciddi savaşın başlanacağını görəcəyik: “Burada mahiyyət və məqsəd nədən ibarətdir? Məqsəd ən azından Yaxın Şərq regionunda başqa alternativ güclərin fəallaşmasına və güclənməsinə imkan verməməkdir. Söhbət hələlik Rusiya, İran və Suriya üçlüyündən gedir. Nüvə məsələsində Qərb-İran anlaşmasından sonra artıq İran getdikcə güclənməyə başlayacaq. Çünki getdikcə daha çox milyardlar əldə edən İran tədricən Yaxın Şərqdə öz gücünü göstərməyə başlayacaq. Bu gün İran İraqa ciddi təsir imkanına malikdir, Suriya tamamilə təsir altındadır. Eyni zamanda Yəməndə də Husilərə həm maliyyə, həm də silah verən məhz İran dövlətidir. Artıq Bəhreyndə də İranın ciddi təsirləri görünməyə başlayıb. Bu təsirləri məhdudlaşdırmaq üçün regionda alternativ böyük hərbi güc koalisiyasına ehtiyac var və buna da nail olunub. Ancaq ABŞ onu da anlayır ki, Türkiyəsiz bu məsələ həlledici olmayacaq. Çünki regionun ən güclü və əhəmiyyətli, o cümlədən Avroasiyanın qovuşduğu ölkəsi məhz Türkiyədir. Bu birinci hədəfdir ki, alternativ güc olan İran və Rusiyanın regionda güclənməsinə imkan verilməsin.

İkinci ən əhəmiyyətli məsələ, İsrailin təhlükəsizliyini təmin etmək üçün keçmiş status-kvonun təmin olunmasıdır. Bu, əvvəlki Misir, Türkiyə, İsrail üçlüyüdür. Məhz bu üçlük “Ərəb baharı”na qədər İsrailin regionda təhlükəsizliyinə tam qarant olan bir model idi. Bu gün bu model yoxdur. Çünki hazırda Türkiyə ilə Misir arasında çox ciddi problem var və Sisi hərbi çevrilişlə hakimiyyətə gəldikdən sonra Türkiyə ilə münasibətlər təmamilə pozulub. Eyni zamanda, İsraillə Türkiyə arasında münasibətlər korlanıb. Bu gün İsraillə Türkiyə, Misirlə Türkiyə arasında münasibətlərin qurulması prosesi gedir ki, bunun da arxasında məhz ABŞ dayanır. Məhz ikinci hədəf də buna yönəlib ki, yenidən İsrailin təhlükəsizlik sistemini yaratmaqla keçmiş status-kvo bərpa edilsin. Bununla da ABŞ İsrailin regionda hegemonluğunu təmin edərsə, təbii ki, bununla özünün Yaxın Şərqdə yenidən hegemonluğunu və proseslərə güclü nəzarətini təmin etmiş olacaq".

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu bildirib ki, əvvəllər Türkiyə anti-terror koalisiyasına qoşulmamışdı və məsafə saxlayırdı: “Çünki İŞİD Türkiyənin sərhədlərində idi və qardaş ölkə özünü bu məsələyə cəlb etmək istəmirdi. Amma hər halda bu, baş verdi. Hesab edirəm ki, Obamanın bu fikirlərini Türkiyənin anti-İŞİD koalisiyasında fəal olmağa çağırış kimi dəyərləndirmək olar.
O cümlədən ABŞ Prezidentinin mövqeyi daha çox Türkiyəyə dəstəyin işarəsidir. Təbii, şərti də var ki, Türkiyə İŞİD-lə mübarizənin güclənməsində iştirak edəcəksə..."

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər