Vüqar Zifəroğlu: “HDP-yə gedən səslər geri qaytarılacaq”
Türkiyədə parlament seçkilərindən sonra koalisiya hökumətinin qurulmaması nəticəsində erkən seçkilər keçiriləcək.
Hazırda erkən seçkilərə qədər keçici hökumətdə nazir postunda Milliyətçi Hərəkat Partiyası (MHP) və kürdlərin dəstək verdiyi Xalqların Demokratik Partiyasından (HDP) üzvləri olacaq.
Ədalət və İnkişaf Partiyası (AKP) isə təkbaşına hökumət qurmaq üçün bir sıra addımlar ataraq, növbədənkənar seçkilər zamanı daha çox səsə sahib olmağa çalışır. AKP artıq MHP-nin qurucusu Alparslan Türkeşin oğlunu müvəqqəti hökumətə cəlb etməklə, həmçinin baş nazir Əhməd Davudoğlu mərhum liderin məzarını ziyarət etməklə milliyətçi kəsimdən müəyyən səslər qazanmağı düşünür.
Seçkidən sonra PKK terror təşkilatının hücumlarının artması isə HDP-nin siyasi arenada əldə etdiyi nüfuza ağır zərbə vurub. Bütün bunlar isə noyabrın 1-də baş tutacaq seçkidə AKP-nin təkbaşına qələbə qazanacağını şərtləndirir.
Məsələyə münasibət bildirən “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu bildirib ki, Türkiyədə keçirilən erkən seçkilərdə onsuz da AKP-nin müəyyən qədər həm MHP, həm də HDP-dən səs alacağı proqnazlaşdırılırdı.
Onun sözlərinə görə, əvvəlki seçkidə HDP-yə bir etimad göstərildi: “Sadəcə olaraq, HDP fəaliyyətinin sonrakı dönəmində PKK terror təşkilatının konkret siyasi bir filialı funksiyasını yerinə yetirdiyinə görə, etimadı doğrultmadı. Etimadı doğrultmaması nəticəsində də HDP-nin 10 faizlik səddi keçməsi artıq sual altındadır. İstər cənub-şərqi Anadoludan, istərsə də iri şəhərlərdən HDP-nin səs yığa bilməsi ehtimalı həddən artıq aşağıdır. Zatən, HDP topladığı 10 faiz səsi AKP-dən aldığı səslər hesabına yığa bilmişdi. Son proseslər nəticəsində isə AKP həmin səsləri təkrar özünə qaytara biləcək. Bunun da nəticəsində HDP 10 faizlik səddin altında qalır və AKP təkbaşına iqtidara bəs edə biləcək səs toplayır.
MHP məsələsinə gəlincə, istər iç Anadolu bölgəsində, istərsə də iri şəhərlərdə belə proqnozlaşdırmaq olar ki, MHP-nin səsində azalmalar müşahidə olunacaq. Hətta bununla bağlı Türkiyədə tez-tez sorğular keçirilir. Bu sorğunun nəticələrinə görə də MHP-də müəyyən qədər səsin azalacağı gözlənilir. Təbii ki, bu da AKP-nin xeyrinə olacaq. MHP sadəcə olaraq, son proseslərdə tam mənası ilə özü üçün yararlana bilmədi. Halbuki, təbliğat üçün MHP-ə münbit şərait yaranmışdı. Əfsuslar olsun ki, təkrar seçkilər zamanı bu, öz təsirini göstərmiş olacaq.
Toğrul Türkeş faktoruna gəlincə, onun AKP-nin təklifi ilə hökumətdə təmsilçiliyi müəyyən qədər ülkücü cameənin səsindən AKP götürə bilər”.
V.Zifəroğlu deyib ki, Türkiydəki erkən seçkilərdə əsas mübarizə AKP ilə CHP arasında olacaq: “Amma düşünmürəm ki, CHP-nin səsində artım müşahidə olunacaq. Sadəcə olaraq, CHP müəyyən qədər sol düşərgəyə yönəlik addımlar ata bildi. Bu isə çox cüzi şəkildə səslərin artımına səbəb ola bilər. Həmçinin cənub-şərqi Anadoluda HDP-ə solçuların müəyyən bir hissəsinin səsi getmişdi. Ola bilər ki, CHP həmin səsləri geri qaytara bilsin. Amma hesab etmirəm ki, bütün bunlar prinsipial şəkildə CHP-də səs artımına səbəb olacaq. Düşünürəm ki, CHP iri şəhərlərdən cüzi şəkildə əlavə səs ala bilər. Bütövlükdə Türkiyə daxilində gedən proseslər onu deməyə əsas verir ki, AKP başqanlıq sisteminə keçid üçün bəs edəcək qədər səs yığmasa belə, təkbaşına hökumət qura biləcək səsi toplayacaq”.
BƏXTİYAR