10 Sentyabr 2015 13:38
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq neçə gündür ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının namizəd olub-olmayacağı məsələsi müzakirə edilir.

Qeyd edək ki, 2010-cu il seçkiləri zamanı da VHP sədri, xalq şairi S.Rüstəmxanlının iştirakı ilə bağlı problem yaranmışdı. Çünki onun xanımı, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı da namizədliyini irəli sürmüşdü. Sonda T.Rüstəmxanlı namizədliyini geri çəkdi. Qarşıdan gələn parlament seçkiləri ilə bağlı da analoji situasiya yaranıb. Tənzilə Rüstəmxanlı da namizədliyini irəli sürəcəyini bəyan edib. İndi Rüstəmxanlılar ailəsindən konkret kimin namizəd olacağı bəlli deyil.

Samir Əsədli: “Sədrin namizədliyini irəli sürməmişik”

VHP-nin Seçki Qərargahının rəhbəri Samir Əsədli deyir ki, avqustun 9-na olan məlumat belədir ki, partiyanın sədri Sabir Rüstəmxanlının namizədliyi irəli sürülməyib və sənədləri Dairə Seçki Komissiyasına təqdim olunmayıb. Onun sözlərinə görə, yaxın bir-iki günə bu məsələyə tam aydınlıq gələcək: “Hesab edirəm ki, bir qədər vaxtımız var. İndi biz daha çox uzaq rayonlardan namizəd olan şəxslərin sənədlərini hazırlayırıq. Şəxsən bizdə Sabir Rüstəmxanlının namizədliyi ilə bağlı sənədlərini müvafiq seçki dairəsinə təqdim edib-etməməsinə dair heç bir informasiya yoxdur”.

Seçki qərargahı: “Partiya namizəd olmasını istəyir”

Seçki Qərargahının sədri deyib ki, Sabir Rüstəmxanlının namizədliyi olacaq və seçkilərdə iştirak edəcək: “Partiya Sabir Rüstəmxanlının namizəd olmasını istəyir. Ancaq qanunvericiliyə əsasən, şəxsin özü namizədliyini irəli sürmək üçün razılığını verməlidir. Təbii ki, Sabir bəy razılıq verdikdən sonra namizədliyi irəli sürüləcək. Bir daha qeyd edim ki, partiya rəhbərliyi və üzvləri Sabir Rüstəmxanlının namizəd olmasını istəyir”.

Samir Əsədli bildirib ki, Sabir Rüstəmxanlının seçkilərdə iştirak edib-etməyəcəyinə dair fikrini bilmir: “Mənə elə gəlir ki, bu suala VHP sədrinin özü cavab verməlidir, mən onun şəxsi işlərinə müdaxilə edə bilmərəm. Sualınızı sədrimizin özünə verib istədiyiniz cavabı ala bilərsiniz. VHP-nin hazırda bir neçə deputatı var. Mən Fəzail İbrahimlini, Rəfael Hüseynovu nəzərdə tuturam. Onların da namizədlikləri yaxın günlərdə irəli sürüləcək. Bu ana qədər VHP-dən deputat olan şəxslərdən heç birinin namizədliyi irəli sürülməyib”.

Millət vəkili susur

VHP sədri Sabir Rüstəmxanlının özü isə telefon zənglərinə cavab vermir və ilk dəfə olaraq media ilə ünsiyyətdən yayınır. Böyük ehtimalla bu, daha çox onun seçkilərlə bağlı dəqiq qərarının olmaması ilə izah oluna bilər. Rüstəmxanlı bir neçə gün əvvəl mətbuata verdiyi müsahibəsində bəyan etmişdi ki, parlament fəaliyyətindən yorulmayıb.

“Seçkiyə ya o gedəcək, ya da mən”

Azəri-Türk Qadınlar Birliyinin sədri, S.Rüstəmxanlının həyat yoldaşı Tənzilə Rüstəmxanlı isə 3 gün əvvəl bu mövzuda mətbuata danışıb. T.Rüstəmxanlı qeyd edib ki, seçkiyə özünün və həyat yoldaşının getməsi mümkün deyil: “Bunu qadağan edən yazılı qanun yoxdur, ancaq biz düşünürük ki, siyasi mədəniyyət belə tələb edir. Seçkiyə ya o gedəcək, ya da mən. Bu seçkidə qadınlara daha çox şans tanınacağı ehtimalı yüksəkdir. Bu özü də böyük mədəniyyət tələb edir. 2005-ci il seçkisində bir məsələni müşahidə eləmişdim - kişilər siyasi mübarizədə qadınlara qarşı çox qəddar olurlar, heç bir halda ona məğlub olmaq istəmirlər. 22-ci dairədə 18 rəqibim vardı, cəmi biri qadın idi, o da sonradan geri çəkildi. 18 kişidən ləyaqətlə mübarizə aparanları da vardı, ancaq çoxlarının əlacı olsaydı, məni bir qaşıq suda boğardılar. Kişilər qadın ona rəqib olmayanda onunla nəzakətli davranır, rəqib oldusa, atmadıqları çirkab qalmır”.

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər