14 Sentyabr 2015 15:20
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bahar Muradova: “Azərbaycan xalqı hər zaman olduğu kimi, bundan sonra da Türkiyənin yanındadır”

Ankaradakı “Arena” İdman Kompleksində Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) V qurultayı keçirilib. Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradovanın rəhbərliyi ilə YAP nümayəndə heyəti də qurultayda iştirak edib. Nümayəndə heyətində YAP Səbail rayon təşkilatının, eləcə də Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev və partiyanın Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı da təmsil olunub.

Nümayəndə heyətinin səfəri Ankaradakı Heydər Əliyev Parkının ziyarət olunması ilə başlanıb.

Deputatlar milli liderin parkdakı abidəsi önünə əklil qoyub, ulu öndərin xatirəsini yad ediblər.

YAP-ı təmsil edən nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədr müavini, AKP-nin parlament qrupunun rəhbəri Naci Bostancı ilə görüşüb. Görüşdə Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərinin əhəmiyyətinə dair səmərəli fikir mübadiləsi aparılıb.

Son aylar Türkiyədə baş verən terror hadisələri ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanladığını diqqətə çatdıran B.Muradova Azərbaycan xalqının həmişə Türkiyə xalqının ağrılarına şərik olduğunu bildirib. YAP-la Ədalət və İnkişaf Partiyası arasındakı münasibətlərə, eləcə də iki partiyanın qadın təşkilatları arasındakı mövcud sıx əməkdaşlığın əhəmiyyətinə toxunan B.Muradova noyabrın 1-də Türkiyə parlamentinə keçiriləcək növbədənkənar seçkilərdə AKP-yə uğurlar arzulayıb.

Ədalət və İnkişaf Partiyasının qurultayında iştirak etmək dəvətini qəbul etdiklərinə görə YAP nümayəndə heyətinə minnətdarlığını bildirən N.Bostancı Azərbaycanın həmişə Türkiyənin sevinc və ağrılarına şərik çıxmasının iki xalqın dostluq və qardaşlığından qaynaqlandığını vurğulayıb. N.Bostancı bildirib ki, Türkiyə Böyük Millət Məclisi Xocalı soyqırımı daxil olmaqla Azərbaycanın bütün ağrılı məsələlərini diqqətdə saxlayır.

Nümayəndə heyətinin rəhbəri Bahar Muradova qurultayla bağlı deyib: “Qurultay yüksək səviyyədə təşkil olunmuşdu. Bu tədbir çərçivəsində baş nazir, Ədalət və İnkişaf Partiyasının sədri Əhməd Davudoğlu ilə görüşdük. AKP-nin sədri vəzifəsinə yenidən seçilməsi münasibətilə baş naziri təbrik etdik. Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin salamlarını Türkiyə hökumətinin başçısına çatdırdıq. Əhməd Davudoğlu da öz növbəsində səmimi salamlarının partiyamızın sədri, Prezident İlham Əliyevə çatdırılmasını xahiş etdi”.

B.Muradova bildirib ki, Ə.Davudoğlu ilə söhbətdə son aylar Türkiyədə baş verən terror hadisələrində şəhid olanlara görə qardaş Türkiyə xalqına başsağlığı verən deputatlarımız, yaralılara Allahdan şəfa diləyiblər. Nümayəndə heyətinin üzvləri bildiriblər ki, baş verən qanlı hadisələri narahatlıqla izləyən Azərbaycan xalqı hər zaman olduğu kimi, bundan sonra da Türkiyənin yanındadır.

Ə.Davudoğlu AKP-nin qurultayında iştirak etdiyinə görə YAP nümayəndə heyətinə səmimi minnətdarlığını bildirib, Azərbaycan xalqına xoş arzularını ifadə edib.

Azərbaycan parlamentinin sədr müavini deyib ki, Azərbaycanda və Türkiyədə keçiriləcək parlament seçkilərində təmsil etdikləri partiyalara – YAP-a və AKP-yə qarşılıqlı olaraq uğurlar arzu ediblər.

Xatırladaq ki, AKP-nin qurultayında təşkilati məsələlərə baxılıb və baş nazir Əhməd Davudoğlu səsvermə yolu ilə yenidən Ədalət və İnkişaf Partiyasının sədri seçilib. Qurultayda partiyanın digər orqanlarının tərkibi də seçilib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər