Noyabrın 1-də keçiriləcək parlament seçkilərində mandat uğrunda yarışmaq istəyən şəxslərin qeydiyyatı üçün sayılı günlər qalıb.
Deputatlığa namizəd olacaq şəxs namizədliyinin qeydə alınması üçün zəruri olan seçki sənədlərini oktyabrın 2-dək dairə seçki komissiyalarına təqdim etməlidir. İndiyədək namizəd olmaq üçün 498 şəxs müraciət etsə də, yalnız 286 nəfərin namizədliyi qeydə alınaraq onlara imza vərəqələri verilib. Onlardan 254-nün namizədliyini siyasi partiyalar, 13 nəfərini isə “Azadlıq-2015" seçki bloku irəli sürüb.
Siyasi təşkilatlar seçkiöncəsi passivlik nümayiş etdirsələr də, artıq bir sıra partiyaların ilkin namizədləri bəllidir. Müxalifətdən yalnız 8 partiya birləşərək blok yarada bilib. Yerdə qalan siyasi təşkilatlar isə seçkilərə təkbaşına qatılacaq. Müşahidələr göstərir ki, partiyaların namizədləri uzlaşdırmaması müxalifətin səslərinin bölünməsinə gətirib çıxaracaq. 4, hətta 5 müxalifətçinin namizəd göstərildiyi dairələr də var.
Ötən həftə bir sıra partiya sədrlərinin namizəd olduğu dairələrdəki ümumi vəziyyət barədə yazı hazırlamışdıq. İndi də tanınmış müxalifətçilərin iddialı olduğu dairədəki mənzərəni diqqətə çatdıracağıq.
Arif Hacılı 4 müxalifətçi ilə üz-üzə
Müsavat başqanı Arif Hacılı namizədliyini 33 saylı Xətai 1-ci seçki dairəsindən irəli sürüb. O, bu dairədə 4 müxalifətçi ilə mübarizə aparacaq. Ədalət Partiyasının Xətai rayon təşkilatının sədr müavini Məhəmməd Bayramov, “125-lər” klubundan Üzeyir Cəfərov da bu dairədən namizəddir. Azərbaycan Demokrat Partiyası isə 33 saylı dairədən Mehparə Bəylərovanın namizədliyini verib.
Respublikaçı Alternativ (REAL) Hərəkatı isə 33 saylı Xətai 1-ci seçki dairəsindən Ruslan İzzətlinin namizədliyini dəstəkləyəcək.
Xatırladaq ki, Müsavat partiyası müxalifətdən yalnız REAL-la əməkdaşlıq istiqamətində danışıqlar aparıb. Lakin danışıqlarda yalnız seçkilərin müşahidəsi prosesi ilə bağlı yardımlaşma olacağına razılıq verilib. Namizədlərin uzlaşması istiqamətində danışıqlar nəticəsiz qalıb. REAL bu danışıqlardan öncə bəyan etmişdi ki, kiminsə namizədliyinin xeyrinə güzəştə getməyəcəklər. REAL-ın deputatlığa namizəd siyahısında bu, müşahidə edilir. REAL Müsavatın eks-başqanı İsa Qəmbərin də, Müsavat başqanı Arif Hacılının da iddialı olduğu dairədən namizəd irəli sürüb.
Arzu Səmədbəyli xanım müxalifətçi ilə yarışacaq
Tanınmış müsavatçı Arzu Səmədbəyli 8 saylı Binəqədi birinci seçki dairəsindən namizəddir. Sözügedən dairədə REAL öz namizədini irəli sürüb. Arzu Səmədbəylinin REAl-dan rəqibi hərəkatın İdarə Heyətinin üzvü Zöhrab İsmayıl olacaq. Bu dairədən Azərbaycan Milli İstiqlal Partiyası da namizəd verib. AMİP Siyasi Şurasının üzvü Yəhya Həsənov da 8 saylı dairədən deputatlığa iddialıdır. Arzu Səmədbəyli həm də müxalif düşərgənin xanım təmsilçisi yazar “125-lər” klubundan Aysel Əlizadə ilə mübarizə aparacaq.
Müsavat Vurğun Əyyuba Misir Məhəmmədoğlunu rəqib seçdi
Müsavat Partiyasının nüfuzlu üzvü olmuş hazırda Azərbaycan Demokratiya və Rifah Hərəkatında təmsil olunan Vurğun Əyyub 30 saylı Suraxanı birinci seçki dairəsindən namizədliyini verir. V.Əyyub hələ Müsavat sıralarında olanda bu dairədən iddialı olduğunu bəyan etmişdi. Müsavat Partiyasının VIII qurultayından sonra faktiki olaraq partiya parçalandı, bunun nəticəsi isə özünü daha çox parlament seçkilərində göstərəcək. Müsavat Partiyası rəsmi olaraq 30 saylı dairədən Misir Məhəmmədoğlunun namizədliyini irəli sürüb. Bu isə o deməkdir ki, sıravi müsavatçıların səsi Vurğun Əyyubla Misir Məhəmmədoğlunun arasında bölünəcək. Sözügedən dairədən “Azadlıq-2015" seçki bloku da namizəd verib. Bu dairədə Klassik Xalq Cəbhəsi Partiyasının namizədi Firuz İbrahimov şansını sınayacaq.
Ümid və “125-lər” klubu isə Mübariz Maqsudovun namizədliyini irəli sürüb.
REAL-ın 12 saylı dairədəki rəqibi müsavatçıdır
REAL icra katibi Natiq Cəfərli 12 Saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsində müxalifətdən yalnız Müsavat təmsilçisi ilə mübarizə aparmalı olacaq. Digər müxalif təmsilçilər hələ ki, sözügedən dairədən namizəd irəli sürməyiblər. Müsavatı 12 saylı dairədə Rauf Ağa təmsil edəcək.
Qulamhüseyn Əlibəyli 2 müxalifətçiyə qarşı
“Azadlıq-2015" seçki blokunda təmsil olunan Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli namizədliyini 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən verib. Bu dairədə müxalifətdən 2 nəfər iddiasını ortaya qoyub. O, ”125-lər" klubundan Bəybala Əliyev, ADP-dən isə Daşqın Nuriyevlə mübarizə aparacaq.
Əhməd Orucun 3 müxalif rəqibi olacaq
“Azadlıq-2015" seçki blokundakı partiya sədrlərindən Əhməd Oruc (Azadlıq) isə 18 saylı Nərimanov-Nizami seçki dairəsindən iddialıdır. Bu dairədən 3 müxalifət təmsilçisi namizəd olmaq istəyir. Müsavat Partiyası bu dairədən Bahadur Salmanovun, Ümid və ”125-lər" Xanlar Abbasovun namizədliyini verib. REAL NİDA Vətəndaş Hərəkatının üzvü Ramin Hüseynovun namizədliyini dəstəkləyir.
KXCP və ADP sədrinin müavinlərinin ciddi opponentləri yoxdur
“Azadlıq-2015" seçki blokunda olan KXCP-nin namizədlərindən biri partiya sədrinin müavini Bəybala Əbil də deputatlığa namizəd olacaq. O, 11 saylı Qaradağ seçki dairəsində namizədliyini verib. Bu dairədə o, ”125-lər" klubunun üzvü Adəm Məmmədovla üz-üzə gələcək.
ADP sədrinin müavini Həsrət Rüstəmov isə şansını 14 saylı Xəzər seçki dairəsində sınayacaq. Onun bu dairədə hələ ki yalnız 1 müxalifətçi rəqibi var - REAL-ın dəstəklədiyi IT mütəxəssisi Şadiman İsmayılov.
Nərgiz