15 Oktyabr 2015 11:25
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

9 aylıq uğurun təminatçısı

Prezident İlham Əliyevin sədrliyi ilə oktyabrın 12-də keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası ölkə gündəminin əsas mövzularından biri kimi qalmaqda davam edir.

Dövlət başçısı iclasda söylədiyi həm giriş, həm də yekun nitqində ölkənin sosial-iqtisadi həyatı ilə bağlı bir sıra vacib məqamlara toxunub. Prezidentin çıxışını ümumiləşdirsək, deyə bilərik ki, 2015-ci ilin 9 ayı ərzində Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Bölgədə və Avropada iqtisadi, hərbi, siyasi böhran yaşandığı şəraitdə iqtisadi inkişafa nail olmaq böyük nailiyyətdir. Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır, sabitlik təmin edilir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır. Prezident qeyd edib ki, Azərbaycan bundan sonra da müstəqillik yolu ilə gedəcək. Azərbaycanın yolu inkişaf və tərəqqi yoludur.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın gələcək iqtisadi inkişaf perspektivləri sənaye istehsalı və kənd təsərrüfatı istehsalı ilə bağlı olacaq. İlin 9 ayında sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi isə 10 faizdən çox artıb. “Kənd təsərrüfatı ili”ndə kənd təsərrüfatında 6,7 faiz artım baş verib.

Prezident Azərbaycanın xarici investorlar üçün cəlbedici ölkə olduğunu, ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar sərmayə qoyulduğunu, onlardan 9 milyardının daxili, 7 milyardının xarici sərmayə olduğunu vurğulayıb. Azərbaycan ordusunun tam üstünlük əldə etdiyini vurğulayan dövlət başçısı ordu quruculuğunun daim diqqət mərkəzində olduğunu deyib. Prezident erməni diktatorunun hətta Ermənistanın rəsmi mövqeyinə tamamilə zidd olan bəyanatlar verdiyini vurğulayıb. “Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir” kimi qeyri-adekvat və çox gərgin psixoloji durumda verilən bəyanat həm Ermənistanı işğalçı ölkə kimi ifşa edir, həm də bu ölkənin rəhbərliyini biabır edir: “Ermənistanın bugünkü hakimiyyəti hərbi canilərdir. Ermənistanda hökm sürən xunta və diktatura rejimi Ermənistan xalqı üçün də təhlükəyə çevrilib. Ermənistan xalqı bu kriminal, korrupsioner rejimdən bezib. Vəziyyət o həddə çatıb ki, onlar indi Azərbaycana pənah gətirirlər”.

Dövlət başçısının verdiyi digər bir mühüm mesaj isə biznes mühitini yaxşılaşdırmaq və biznesin inkişafına təkan vermək üçün çox ciddi addımlar atılacağını bəyan etməsindən ibarət idi. Prezident qeyd etdi ki, yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar da sanki bir-biri ilə rəqabətə çıxıblar. Yoxlamaların tənzimlənmə mexanizmi işlənməlidir. Yerli icra hakimiyyəti, hüquq mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar. Prezident qeyd edib ki, sahibkar heç kimə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, sahibkarlara qarşı əsassız tələblər irəli sürənlər ciddi şəkildə cəzalandırılacaqlar: “Lisenziyalar qanunsuz varlanma metodu olmamalı, onların sayı kəskin şəkildə azaldılmalıdır. Hökumət təklif versin ki, hansı lisenziyalar əsaslıdır, əsaslı deyil, lisenziyaların sayı kəskin şəkildə azaldılmalıdır. İqtisadiyyat üçün əsas problemlərdən biri də inhisarçılıqdır. Rəqabət olmasa, inkişaf keyfiyyətli məhsullar da olmaz”.

“Cənub” qaz dəhlizinin Azərbaycanın növbəti qələbəsi olacağını vurğulayan Prezident İlham Əliyev dəhlizin yaradılması ilə bağlı 9 ayda çox gözəl işlərin görüldüyünü vurğulayıb. Bildirib ki, layihənin önəmli hissəsi olan TANAP 2018-ci ildə istifadəyə verilməlidir. “Cənub” qaz dəhlizi layihəsi Azərbaycanın uzunmüddətli maraqlarını təmin edəcək, Azərbaycanı dünya üçün daha da önəmli ölkəyə çevirəcək. Azərbaycan bu gün güclü ölkədir, iqtisadi və siyasi sahədə böyük uğurlara imza atıb. Regional təhlükəsizlik məsələlərində Azərbaycan çox müsbət rol oynayır. Prezident İlham Əliyev yekun nitqinin sonunda hər bir Azərbaycan vətəndaşını sabahkı günə əmin edəcək fikirlərlə bitirib: “İlin sonuna qədər bütün vəzifələr icra olunacaq və biz 2015-ci ili yaxşı göstəricilərlə başa vuracağıq”.

“İlin 9 ayının sosial-iqtisadi inkişaf göstəriciləri müsbətdir”

Mövzu ilə bağlı söhbətləşdiyimiz İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib ki, Prezident İlham Əliyevin müşavirədəki çıxışını bütövlükdə Azərbaycan iqtisadiyyatında yeni bir mərhələnin başlanğıcının anonsu kimi qiymətləndirmək lazımdır. Onun sözlərinə görə, çünki Prezident praktik olaraq xüsusən sahibkarlıq sektorunda hal-hazırda mövcud olan problemlər və çətinliklərlə bağlı məlumat verib: “Təbii ki, bununla yanaşı məhz həmin problem və çətinliklərin aradan qaldırılması üçün öz tapşırıqlarını verdi. Əvvəla, Prezidentin çıxışı bir daha təsdiq etdi ki, dövlət başçısı sahibkarları maraqlandıran məsələlərlə bağlı tam məlumatlıdır və daimi olaraq sahibkarlığın inkişafı və sahibkarların vəziyyəti ilə bağlı məlumat əldə edir. Bu çıxış Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı siyasi iradənin olduğunu, Prezidentin daimi olaraq sahibkarların yanında olduğunu göstərdi”.

V.Bayramov qeyd edib ki, bu çıxış sahibkarlığın mövcud problemlərinin müzakirə etməyə və müəyyənləşdirməyə, problemlərin aradan qaldırılmasına imkan verəcək:

“Bütövlükdə ölkə başçısının son müşavirədəki çıxışını tezislər kimi qruplaşdırsaq, təbii ki, burada birinci problem sahibkarlıq subyektlərinin fəaliyyətinə müdaxilələrdir. Ölkə Prezidentinin bildirdiyi kimi, yoxlama hüququ olmayanlar belə sahibkarlıq subyektlərini yoxlayırlar. Məhz bu səbəblər onlar fəaliyyətlərinin dayandırılmasına və onların bağlanmasına gətirib çıxarır”.

V.Bayramov müşavirəni ümumən qiymətləndirərək 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarının müsbət olduğu qənaətinə gəldiyini vurğulayıb: “Bu il ümumi daxili məhsuldakı artım tempini qoruyub saxlamaq mümkün oldu. Ən sevindirici məqamlardan biri də ondan ibarətdir ki, iqtisadiyyatdakı artım neftin deyil, qeyri-neft sektorunun hesabına baş verdi. Qeyri-neft sektorunda ikirəqəmli artım qeydə alınıb. Artıq iqtisadiyyatın neftdən qeyri-neft sektoruna diversifikasiyası ilə bağlı addımlar atılır. Bu da inkişafın qeyri-neft sektoru hesabına formalaşması deməkdir”.

İqtisadçı bildirib ki, 2015-ci ilin 9 ayının yekunlarında əhalinin gəlirləri yenə də inflyasiya səviyyəsini üstələdi: “Əhalinin gəlirləri təxminən iki dəfəyə yaxın inflyasiya səviyyəsindən çoxdur. Bu gəlirlərin real olmasından xəbər verir. Eləcə də, 2015-ci ilin iqtisadi yekunlarında həm aqrar sektorunda, həm də sənayedə artımın qeydə alınıb. 2015-ci il kəndə təsərrüfatı ili idi və bu baxımdan kənd təsərrüfatında artım tempinin qorunub saxlanılması və artımın qeydə alınması olduqca müsbət bir addım idi. Bu baxımdan 2015-ci ildə aqrar sektorda aparılan islahatlar növbəti illərdə də öz bəhrəsini daha ciddi şəkildə göstərməyə başlayacaq”.

“Sahibkarlığa mane olanlar vəzifələri ilə vidalaşacaqlar”

“Prezident İlham Əliyevin çağırışı artıq sondur. Bunun ardınca artıq konkret addımlar atılacağını düşünürəm”.

Bunu isə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Fəzail Ağamalı Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında korrupsiya və rüşvətxorluqla bağlı dediklərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, sahibkarlığı boğan və sahibkarlığın inkişafına maneələr yaradanlar bilməlidir ki, artıq neftdən pul gəlmir: “Sahibkarlara süni maneələr yaradanlar anlamalıdır ki, Prezidentin dediyi kimi, ölkə büdcəsini doldurmağın yeganə mənbəyi sahibkarlığın inkişafıdır. Ona görə də düşünürəm ki, Prezidentin bu çağırışlarına əhəmiyyət verməyənlər dövlət başçısının sərt iradəsi ilə üzləşəcəklər. Çox güman ki, onlar öz vəzifələri ilə vidalaşacaqlar. Ölkə Prezidentinin bu çağırışlarına əhəmiyyət verməyən istənilən şəxs qanun qarşısında cavab verməlidir. O, təkcə vəzifəsindən uzaqlaşmalı deyil, yığdığı sərvət də araşdırmalıdır. Nəhayət, vəzifə başında olanlar, bəlkə, bundan sonra bu cəzalardan nəticə çıxara bildilər”.
F.Ağamalı Prezident İlham Əliyevin “ASAN xidmət” mərkəzləri ilə bağlı səsləndirdiyi fikirlərə də toxunub. O, qeyd edib ki, adıçəkilən qurumun korrupsiyanın qarşısının alınması istiqamətində çox böyük xidmətləri var: “Azərbaycan brendi hesab edilən "ASAN xidmət" Prezidentin birbaşa öz layihəsidir. Hesab edirəm ki, bu qurum korrupsiya və rüşvətxorluğun aradan qaldırılmasında çox önəmli rol oynadı. Amma təəssüflər olsun ki, hələ də korrupsiyanın kökü kəsilməyib. Ölkə Prezidentinin dediyi kimi, sahibkarlara təzyiqlər var. Sahibkarların rahat işləməsinə imkan verilmir, yersiz yoxlamalar aparılır. Bu da sahibkarlığın inkişafına maneələr yaradır".

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər