Bəşər Əsəd hakimiyyətini dəstəkləyən İranın son iki ildə 8 generalı Suriyada həlak olub. Son bir neçə gündə İran İnqilab Keşikçiləri Qvardiyasının 3 generalı - briqada generalı Hüseyn Həmədani, general-mayor Fərşad Hasunizadə, briqada generalı Həmid Muxtarbənd Suriyada öldürülüb.
Suriyanın Dəməşq, Hələb və əl-Küneytr şəhərlərində öldürülən iranlı generallar isə bunlardır: Həsən Şeteri, Məhəmməd Cemalizadə, Abdullah İskenderi, Cabbar Derisavi və ƏIi Allahdadi. Onların İŞİD və İsrail tərəfindən öldürüldüyü bildirilir.
İran İnqilab Keşikçiləri Qvardiyasının xaricdəki "Qüds" qolunun komandanı general Qasım Süleymaninin Suriyada, Lazkiye yaxınlığında olduğu haqda məlumatı da yayılıb. Bütövlükdə Suriyada münaqişə başlanandan İran tərəfi Əsəd rejimini dəstəkləməklə yanaşı, hərbi və digər yardımları da davam etdirib.
Bəs, ötən müddət ərzində Suriyada baş verənlərdən İran nə qazandı, nə itirdi?
Məsələyə münasibət bildirən “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu deyib ki, təkcə Suriya münaqişəsi deyil, ümumiyyətlə, “Ərəb baharı” dalğasından sonra Yaxın Şərqdə baş verən hadisələr İranın mövqelərinin möhkəmlənməsinə səbəb olub. Onun sözlərinə görə, proseslər nəticəsində məzhəb kartına üstünlük verməklə İran, anti-sionist və anti-Qərb təbliğatından maksimal şəkildə yararlanaraq bölgədə nüfuzlu gücə çevrilə bilib: “İlk növbədə ətrafında “İraq-Suriya-Livan”dan ibarət “şiə hilalı” yarada bilməsi, onun bölgədə eyni zamanda ərəb ölkələri və Türkiyə ilə də ciddi rəqabətə daxil olmasına təkan verdi ki, birincilərə münasibətdə bunu Yəməndə və qismən də Liviyada, ikinciyə münasibətdə isə İraq və Suriyada əyani şəkildə görməkdəyik”.
Suriyada vəziyyət dəyişəndən indiyədək İranın 8 generalının həlak olması məsələsinə toxunan V.Zifəroğlunun sözlərinə görə, bu, ondan xəbər verir ki, İran Suriyaya yalnız siyasi-diplomatik deyil, eyni zamanda hərbi dəstəyini də verməkdədir. Analitikin fikrincə, əslində, prinsip etibarı ilə rəsmi Tehran və hərbi strukturlar, məsələn, SEPAH, Suriyada qismən olsa belə, hərbi nöqteyi-nəzərdən mövcud olduqlarını heç bir zaman inkar etməyə lüzum da görməyiblər: “İran hər zaman açıq şəkildə Əsəd rejimini müdafiə edib və Suriyada vətəndaş müharibəsi başlandığı gündən etibarən indiyədək Rusiya ilə birgə öz dəstəyini göstərib. Bu baxımdan hərbi əməliyyatlar zamanı İran hərbçilərinin öldürülməsi gözləniləndir və təbii qarşılanmalıdır”.
V.Zifəroğlu onu da əlavə edib ki, İranın bölgədə öz maraqları var və bu maraqların, geosiyasi hədəflərin həyata keçirilməsində istinad edilən əsas qüvvə məhz məzhəb baxımdan bu ölkənin özünə yaxın bildiyi qüvvədir: “Əslində, burada söhbət məzhəb kartından yararlanaraq geosiyasi iddiların gerçəkləşdirilməsindən gedir. Digər tərəfdən Vyana razılaşması ilə faktiki olaraq Qərblə münasibətləri yumşaltmağa çalışan İran, faktiki olaraq ərəblərlə açıq şəkildə mübarizəyə girməkdədir. Bunun Yəməndə şahidi olmaqdayıq. İran hər zaman Yaxın Şərqdə, İslam sivilizasiyasında liderliyə iddialı bir dövlət olub. Yuxarıda da qeyd etdiyimiz kimi, məzhəb faktoru və anti-sionist və anti-Qərb təbliğatı isə bu ölkənin hər zaman uğurla sınaqdan çıxartdığı başlıca vasitələrdir”. Politoloq Zərdüşt Əlizadə deyib ki, İran Suriyaya artıq 30 ildir dəstək verir və bu iki ölkənin münasibətləri çox yaxındır: “Bu iki ölkə hər zaman əməkdaşlıq edib. Eyni zamanda İran Suriya vasitəsilə Fələstin təşkilatlarına, o cümlədən Livandakı bəzi təşkilatlara dəstək verib. Bu əməkdaşlığın azı 30-40 il yaşı var. Yəni, İran İslam İnqilabından sonra Suriya ilə İran arasında sıx əməkdaşlıq mövcuddur”.
Z.Əlizadə vurğulayıb ki, İranın xarici siyasətində anti-imperialist və anti-sionist xətt çox mühümdür: “Yəni, İran camaatının hakimiyyət ətrafında möhkəm birləşməsinin mühüm amillərindən biri də İran hökumətinin yürütdüyü anti-imperialist və anti-sionist siyasətdir. Anti-imperialist siyasət odur ki, Qərbə, ilk növbədə Amerika Birləşmiş Ştatlarına qarşı öz itaətsizliklərini elan edirlər. Sionizmə qarşı mübarizədə isə Fələstin xalqının haqq işini müdafiə edirlər. Bu səbəbdən də Fələstində sionizmə qarşı müqavimət göstərən təşkilatlara dəstək göstərirlər. Bunu da İran Suriya vasitəsilə həyata keçirir”.
BƏXTİYAR