30 Oktyabr 2015 12:02
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fəzail Ağamalı: “Azərbaycan xalqı bu mərhələdən böyük uğurla çıxacaq”

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı noyabrın 1-də ölkəmizdə keçiriləcək parlament seçkilərinə hazırlıq mərhələsini dəyərləndirib.

O bildirib ki, seçki prosesinin son dərəcədə ciddi və namizədlərin taleyini həll edə biləcək təbliğat-təşviqat mərhələsi artıq başa çatmaq üzrədir: “Müşahidələrimə əsasən deyə bilərəm ki, əvvəlki mərhələdə olduğu kimi təbliğat-təşviqat mərhələsində də bütün namizədlər üçün bərabər imkanlar yaradıldı. Hətta faktiki olaraq deputat olsam da, özüm müəyyən olunmuş qapalı və açıq yerlərdə seçicilərimlə görüşlər keçirdim. Bütün namizədlərə ciddi şəkildə nəzarət edilirdi. Bu müddət ərzində nə mən, nə də partiyamızdan namizədliyi qeydiyyata alınan şəxslər hər hansı qanun pozuntusu ilə rastlaşdı. Bu mərhələ çox böyük uğurla, Azərbaycan qanunlarına riayət etməklə həyata keçirildi. Bu, çox yaxşı haldır və onu göstərir ki, seçki dairələri və məntəqə seçki komissiyaları ənənəyə malikdir. Bu, demokratik prinsiplərinə söykənən ənənədir. Tam məsuliyyətlə deyirəm ki, Azərbaycanda seçkilərin demokratik prinsiplərlə keçirilməsi ənənəsi artıq formalaşıb. Əminəm ki, noyabrın 1-də xalqımız fəal şəkildə öz iradəsini ortaya qoyacaq. Müşahidələrimdən biri də o idi ki, seçicilərlə daha açıq və diskussiya formasında görüşlərimiz keçirildi. Bu da sübut edir ki, seçicilər seçki prosesində aktiv iştirak etmək niyyətindədirlər”.

F.Ağamalı qeyd edib ki, seçkilərin taleyini Azərbaycan xalqının iradəsi həll edir: “Təcrübəyə əsasən beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlərin parlament təmsilçiləri, seçki ilə birbaşa bağlı olan qurumlar bu və ya digər ölkədə seçkiləri müşahidə edir. Azərbaycan da bu ənənələrə uyğun olaraq seçkilərdə iştirak etmək istəyən bütün qurumlarla əməkdaşlıq etməyə hər zaman hazır olub və bu gün də elədir. Artıq bir çox ölkələrin parlamentarilərinin Azərbaycandakı seçkiləri müşahidə etmək arzusu ortalıqdadır və onlar MSK-da qeydiyyata alınıblar. Avropa Şurası, MDB Parlament Assambleyasının seçkiləri müşahidə etmək istəyi var. Bu istək də təmin olunub və bu təşkilatların müşahidəçiləri akkreditə olunublar. Bir çox ölkələrin deputatlarının da seçki prosesini izləmək imkanları olacaq. Bütün bunlara baxmayaraq əsas söz Azərbaycan xalqınındır. Artıq Azərbaycanda demokratik seçki keçirilməsi ənənələri formalaşıb və Azərbaycan xalqı seçkilərdə fəal iştirak edib layiqli namizədə səs verərək onu növbəti 5 il üçün parlamentə buraxacaq”.

Partiya sədrinin sözlərinə görə, ATƏT və xüsusi olaraq onun məmurlardan ibarət olan Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycana qarşı hə zaman qərəzli münasibəti ilə fərqlənib: “Avropa Parlamenti daim ölkəmizlə bağlı qərəzli mövqe nümayiş etdirib. Bu qurumların Azərbaycandakı seçkilərə fərqli münasibətləri ortadadır. Biz bununla bağlı hər hansı narahatlıq keçirməməliyik. Demokratik Təsisatlar və İnsan Haqları Bürosu vaxtilə ABŞ-da keçirilən seçkilərdən kənarlaşdırılıb. Seçki prosesinə müdaxilə etmələrinə imkan verilməyib. Sözün həqiqi mənasında orada ifşa olunublar. Təsisatın korporativ maraqları olduğu üçün onların seçkiyə gəlməməsi gəlməsindən daha önəmlidir. Onlar əvvəlcədən hazırladığı qərəzli bəyanatı seçki günündən sonra ortaya qoyublar. Yəni, Azərbaycana onlar portfellərində hazır bəyanatla gəlmək istəyirdilər. Onları seçkilərin demokratik keçirilib-keçirilməməsi maraqlandırmır. Onlar korporativ maraqlar və Azərbaycana qarşı təzyiqlərin içərisində olmaq niyyətində idilər. Missiyanın gəlməməsi seçki prosesinə hər hansı təsir göstərəcəyi anlamına gəlmir. Tamamilə əminəm ki, bu seçkilər demokratik, şəffaf və azad seçki kimi Azərbaycan tarixinə yazılacaq. Azərbaycan xalqı bu mərhələdən böyük uğurla çıxacaq”.

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər