Azərbaycanda keçiriləcək parlament seçkilərinə xarici KİV-lərin böyük marağı var. Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev noyabrın 1-də keçiriləcək parlament seçkilərini izləmək üçün xarici KİV təmsilçilərinin akkreditasiyadan keçirilməsi prosesi barədə Seçki-2015.az saytının sorğusunu cavablandırarkən deyib.
O bildirib ki, seçkiöncəsi proses mövcud qanunvericiliyə əsasən davam edir: “Azərbaycanda xarici KİV haqqında qanuna əsasən əcnəbi media mənsublarının akkreditasiyasının xüsusi qaydaları mövcuddur. Bu qaydalar əsasında da Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən xarici KİV nümayəndələrinin akkreditasiyadan keçirilməsi prosesi davam etdirilir. Akkreditasiyanın müddəti 30 gün müəyyən edilib. Bundan çıxış edərək akkreditasiya kartı almış əcnəbi KİV nümayəndələri MSK-da qeydiyyata durmalıdırlar".
H.Hacıyev qeyd edib ki, hazırda xarici mediadan müraciətlər çoxdur, ona görə də əcnəbi KİV təmsilçilərindən bu zaman kəsiyində müvafiq prosedur qaydalarına riayət edilməsi xahiş olunub: “Ümumilikdə deyə bilərik ki, beynəlxalq medianın noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinin işıqlandırılmasına böyük marağı var”.