“Rossiyskaya qazeta”nın 2015-ci il 28 dekabr tarixli nömrəsində Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun “Quruculuq işləri aparılıb” sərlövhəli müsahibəsi dərc olunub. Həmin müsahibəni təqdim edirik.
- Təqvimdə 2015-ci ilin son günləridir. Bu il Azərbaycan və ölkə sakinləri üçün necə oldu?
- Dünyada cərəyan edən mürəkkəb, ziddiyyətli sosial-iqtisadi və siyasi proseslər fonunda Azərbaycan başa çatmaqda olan ildə də nisbətən uğurlu iqtisadi inkişafa nail olub. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin hərtərəfli düşünülmüş və ardıcıl siyasəti sayəsində mümkün olub. Qeyd etmək lazımdır ki, bu mürəkkəb müasir şəraitdə respublika özünün siyasi sabitliyini və müxtəlif təhdidlərə, kataklizmlərə makroiqtisadi dayanıqlılığını bir daha nümayiş etdirdi. İndiki müsbət meyllərə gəldikdə isə qeyd etməliyəm ki, cari ilin doqquz ayı ərzində ÜDM 3,7 faiz, sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi isə 10 faizdən çox artıb. Rəqəmlər barədə sözümün davamı kimi vurğulayım ki, biz işsizliyin və yoxsulluğun əhəmiyyətli dərəcədə azalmasına nail olmuşuq. Bu gün həmin göstəricilər beş faiz səviyyəsindədir. Əhalinin ümumi rifahı yüksəlib.
Ölkədə mühüm enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi davam edib: TANAP qaz kəmərinin bünövrəsi qoyulub, Transxəzər marşrutu ilə Çindən Azərbaycana ilk sınaq konteyner qatarı gəlib, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan hissəsində tikinti işləri sürətləndirilib və s. İstehsal infrastrukturunda, innovasiya sferasında və sosial sahədə nəzərəçarpacaq dəyişikliklər baş verib. Bir sözlə, quruculuq işləri aparılıb. Dünyanın aparıcı reytinq agentliklərinin qiymətləndirmələri ölkənin inkişafına ən yaxşı sübutdur. Məsələn, Dünya İqtisadi Forumu tərəfindən tərtib edilən qlobal rəqabət qabiliyyəti indeksi reytinqində Azərbaycan 140 ölkə arasında 40-cı yeri tutur, Fitch beynəlxalq reytinq agentliyi isə ölkəmizin reytinqini sabit proqnozlu BBB səviyyəsində təsdiq edib. Azərbaycan dalbadal yeddinci ildir ki, MDB ölkələri arasında liderdir. Bundan əlavə, yaxın vaxtlarda Beynəlxalq Valyuta Fondu cari il üçün Azərbaycanın iqtisadi artım proqnozunu 4 faiz yüksəldib. Bütövlükdə Azərbaycanda gedən proseslərə də mənfi təsir göstərmiş əlverişsiz xarici iqtisadi və maliyyə amillərinə baxmayaraq, ölkəmizin iqtisadiyyatı öz potensialını və mürəkkəb şəraitdə inkişaf etmək qabiliyyətini nümayiş etdirib.
- Belə bir məsəl var: “Hər pis işdə bir xeyir də var”. Dünya bazarında neftin qiymətinin düşməsi, əlbəttə, bir sıra iqtisadi və sosial məsələlərin həllinə çox mənfi təsir göstərib. Lakin bu, eyni zamanda, Azərbaycan hökumətini iqtisadiyyatın şaxələndirilməsini daha əzmlə həyata keçirməyə, sahibkarlığı inkişaf etdirməyə, enerji asılılığı amilindən yaxa qurtarmağa məcbur edib. Bu baxımdan hansı işlər görülüb və daha hansı işlər görülməlidir?
- Dünya bazarında neftin qiymətinin kəskin azalması böyük təbii ehtiyatlara malik olan ölkələr üçün bir növ sınaq oldu. Əlbəttə, gəlirlərin azalmasına səbəb olan bu mürəkkəb iqtisadi şəraitdən çıxmaq üçün kompleks tədbirlərin həyata keçirilməsi zəruri idi. Buna müvafiq olaraq Azərbaycanda atılmış zəruri addımlar sayəsində ölkəmiz hər hansı ciddi mənfi təsirləri hiss etməyib. Bugünkü reallıqlar belədir ki, dünyada tüğyan edən böhrana baxmayaraq, respublikada iqtisadi artım meyli müşahidə olunur. Xüsusi vurğulamaq lazımdır ki, bu, iqtisadiyyatın şaxələndirilməsi sayəsində mümkün olub. Yuxarıda göstərilən dövr ərzində ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 70 faizə çatıb. Bu, büdcənin neft gəlirlərindən asılılığının tədricən azalması göstəricidir. Əslində biz respublikanın enerji ehtiyatlarından asılılığını real şəkildə azaltmağa nail olmuşuq. Bu, çox vacibdir. Azərbaycan neftin qiymətini diktə edənlərin əlində girov olmamaq üçün bundan sonra da iqtisadi islahatlar aparmağı planlaşdırır. Həmin islahatlar nəticəsində qeyri-neft sənayesi, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları prioritet sahələrə çevriləcək. Neft gəlirlərinin azalmasına təsir edən real vəziyyəti nəzərə alaraq sosial-iqtisadi inkişafla bağlı proqramlara müəyyən düzəlişlər edilməsi planlaşdırılır. Söhbət maliyyə intizamının güclənməsindən, prioritet investisiya layihələrinin həyata keçirilməsindən, hökumət tərəfindən aparılan siyasətin sosial yönümünün artırılmasından gedir.
- Prezident İlham Əliyev 2015-ci ili Azərbaycanda “Kənd təsərrüfatı ili” elan etmişdi. Ölkə üçün çox əhəmiyyətli olan bu sahənin inkişafında cari ildə hansı uğurlar qazanılıb?
- “Kənd təsərrüfatı ili” ilə əlaqədar təsdiq edilmiş Tədbirlər Planında kənd təsərrüfatı məhsullarının istehsalının dəstəklənməsi, aqrar sahədə potensialın gücləndirilməsi, elmi təminatın və kadr hazırlığının yaxşılaşdırılması və sair işlər görülməsi nəzərdə tutulurdu. Görülmüş tədbirlər kənd təsərrüfatının yüksəldilməsinə səmərəli təsir edib. Dediklərimi əsaslandırmaq üçün 2015-ci ilin doqquz ayına aid bəzi statistik məlumatlar gətirəcəyəm. Əvvələn, onu qeyd edim ki, kənd təsərrüfatı məhsulları istehsalının həcmi 6,7 faiz artıb. Çoxlu iri fermer təsərrüfatları yaradılıb, əvvəllər istifadə olunmayan on minlərlə hektar torpaq sahəsi dövriyyəyə daxil edilib. Bu il dənli bitkilərin məhsuldarlığı yüksək olub: hər hektardan 50-60 sentner məhsul yığılıb. Orta məhsuldarlıq göstəricisi rekord səviyyəyə çatıb – hər hektardan 30 sentnerdən çox olub. Zənnimcə, siz də mənimlə razılaşarsınız ki, işlərimiz bu templə davam etsə, yaxın gələcəkdə biz öz ərzaq təhlükəsizliyimizi tam təmin edə biləcəyik.
- Azərbaycan idman ölkəsi kimi çoxdan məşhurdur. Bakıda hər il iri beynəlxalq yarışlar keçirilir. Tarixdə ilk Avropa Oyunları isə idman qonaqpərvərliyinin apofeozu oldu. Mübaliğəsiz deyə bilərəm ki, Azərbaycan bu Oyunları ən yüksək səviyyədə keçirdi. Gəlin, həqiqətən tarixi hadisə olan bu Oyunlara bir daha qısaca nəzər salaq.
- Bakıda keçirilmiş birinci Avropa Oyunları dünya idmanında yeni səhifə açdı. Rekord dərəcədə qısa müddətdə - cəmi iki il yarım ərzində və ən yüksək təşkilatı, texniki və idman səviyyəsində hazırlanmış bu Oyunlar ölkəmizin artan nüfuzunu və əlbəttə, onun çox böyük potensialını nümayiş etdirdi. Təşkilat Komitəsinə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi bu parlaq və möhtəşəm tədbirdə dünyanın 50 ölkəsindən 6 minə yaxın idmançı 253 medal dəsti uğrunda mübarizə apardı. Bu hadisə ilə əlaqədar ən müasir texnologiyalar səviyyəsində modernləşdirilmiş idman obyektləri ucaldılıb və yenidən qurulub. Onlar Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq yarışlar üçün qapılarını hələ dəfələrlə açacaqlar. Bundan əlavə, bütün zəruri infrastruktur yaradılıb. Sevindirici haldır ki, Azərbaycan yığması əla nəticələr göstərərək medalların sayına görə ikinci yeri tutub, yalnız Rusiya yığmasından geri qalıb. Bu da çox xoşdur ki, Avropa Oyunlarının yüksək standartları məhz Bakıda müəyyən edilib və sonrakı Oyunların məşəli məhz “Atəşgah” məbədində yandırılacaq. Daha bir məqam. Mənim fikrimcə, Oyunlar təkcə atletlərin idman nailiyyətləri və ya rəngarəng açılış və bağlanış mərasimləri ilə deyil, həm də onunla yadda qalacaq ki, bu Oyunlar tarixi İpək Yolu üzərində yerləşən, zəngin tarixə və mədəniyyətə malik olan, multikulturalizmin dövlət siyasəti səviyyəsinə ucaldığı ölkəni planetin sakinlərinin çoxu üçün kəşf etmiş olur.
- Təəssüf ki, rəsmi Bakı bu il “Avropa Oyunları”nın tamam fərqli, diametral əks növü ilə də üzləşməli oldu. Qərbdə Azərbaycanın müstəqil siyasi kursundan məyus olan müəyyən dairələr Bakıya qarşı bir növ “xaç yürüşü” təşkil etdilər. Onlar bu ölkədə guya insan hüquqlarının kobud şəkildə pozulmasına görə qisas aldılar. Siz necə hesab edirsiniz? Beynəlxalq siyasət nəhəngləri tərəfindən gənc, müstəqil ölkəyə bu cür görünməmiş təzyiq göstərilməsinin həqiqi səbəbi nədən ibarət idi?
- Respublikamızın ünvanına əvvəllər səslənən böhtan xarakterli bütün bəyanatlar bəzi Qərb dairələrinin ölkəmizə təzyiq göstərmək və öz oyun qaydalarını diktə etmək cəhdidir. Məsələ ondan ibarətdir ki, Azərbaycan Prezidentinin yürütdüyü, xalqın iradəsinə əsaslanan müstəqil siyasət onlara sərf etmir. Ona görə də onlar təbii ki, bu siyasətə qarşı çıxırlar. Müasir Azərbaycanın uğurları təəssüf ki, dövlətimizin inkişafını və onun imicinin möhkəmlənməsini istəməyən müəyyən qüvvələrdə güclü narahatlığa və açıq-aşkar gözügötürməzliyə səbəb olur. Əgər Azərbaycan asılı ölkə olsaydı, əlbəttə, onu idarə etmək, onunla manipulyasiya etmək asan olardı. Lakin biz öz siyasətimizi kimlərinsə xoşuna gəlmək üçün qurmuruq və heç kəsin bizə göstəriş verməyə və ya öz baxışlarını bizə zorla qəbul etdirməyə haqqı yoxdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizdə bütün məsələlər Qərb dairələri tərəfindən aranı qızışdırmaq yolu deyil, xalqın iradəsi ilə həll edilir.
- Azərbaycanın istər sosial-iqtisadi baxımdan, istərsə də başqa sahələrdə yüksək sürətlə inkişaf etməsi artıq bütün dünyada belə də olmalı bir həqiqət kimi qəbul edilir. Lakin Dağlıq Qarabağ problemi həll olunsaydı, ölkə daha dinamik inkişaf edə bilərdi. Belə demək olarmı ki, başa çatmaqda olan ildə bu münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün real ilkin şərait yaratmaq mümkün olub?
- Artıq iyirmi ildən çox davam edən və təkcə bizim region üçün deyil, həm də bütün Avropanın təhlükəsizliyi üçün ciddi təhdid olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi əfsuslar ki, bu günə qədər öz həllini tapmayıb. Ermənistan BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz və dərhal çıxarılması barədə dörd qətnaməsinə, habelə ATƏT-in, AŞPA-nın, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələrinə məhəl qoymamaqda davam edir. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar da hələlik heç bir nəticə verməyib, lakin biz ümidimizi itirmirik. Hər halda, Azərbaycan və Ermənistan prezidentlərinin dekabrın 19-da İsveçrədə keçirilmiş görüşündə dövlət başçıları münaqişənin tənzimlənməsi məqsədi güdən tədbirlərə dair qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduqlarını, habelə ATƏT-in Minsk qrupu formatına sadiq olduqlarını təsdiqləyiblər. Azərbaycanın mövqeyinə gəldikdə isə qeyd etməliyəm ki, bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və beynəlxalq hüquq normalarına uyğun olaraq tənzimlənməlidir.
- Təbii ki, rusiyalı oxucu Rusiya-Azərbaycan münasibətlərinin vəziyyətinə laqeyd deyil. Güman edirəm ki, xüsusən cari ildə hər iki ölkənin işgüzar dairələrinin görüşlərinin intensivliyinin kəskin artması şəraitində Bakının da bu mövzuda deməyə sözü var.
- Rusiya ilə münasibətlər Azərbaycanın xarici siyasətinin ənənəvi prioritet istiqamətidir. Əlamətdar haldır ki, siyasi, ticari-iqtisadi və mədəni-humanitar əlaqələr ilbəil intensivləşir və möhkəmlənir. Regionlararası qarşılıqlı əlaqələr də fəal inkişaf edir. Müasir mərhələdə Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlıq xarakteri kəsb edir. Hər iki dövlətin siyasəti dərin qarşılıqlı hörmətə və etimada əsaslanan çoxtərəfli əməkdaşlığın genişlənməsinə və dərinləşməsinə yönəldilib.
Biz beynəlxalq arenada, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir və bir-birimizi dəstəkləyirik. Keçən il Avropa Şurası Parlament Assambleyasında yaranmış vəziyyəti xatırlamaq kifayətdir. O vaxt Azərbaycan nümayəndə heyəti tam tərkibdə Rusiyaya qarşı sanksiyaların əleyhinə çıxış etdi. Prezident İlham Əliyev “Rossiya 24” telekanalına müsahibəsində qeyd etdiyi kimi, bizim respublika hər küncdə-bucaqda özlərini Rusiya Federasiyasının müttəfiqləri kimi qələmə verən, lakin AŞPA-da mövqe nümayiş etdirmək lazım gələndə, necə deyərlər, qaçıb gizlənməyi üstün tutanlara nümunə göstərdi. Bu mürəkkəb və qəliz məqamda Azərbaycan etibarlı dostun və müttəfiqin necə hərəkət etməli olduğunu əyani şəkildə göstərdi! Daha bir mühüm faktı xatırlatmaq istəyirəm: dövlət bayramı – Rusiya günü zamanı Prezident Vladimir Putin Azərbaycanda idi, birinci Avropa Oyunlarının açılış mərasimində iştirak edirdi. Məgər bu, iki ölkə arasında münasibətlərin yüksək səviyyəsinə dəlalət etmirmi?!
- Nəhayət, bu il ölkənizin daxili siyasət sahəsində əsas hadisə - Azərbaycan Milli Məclisinə seçkilər barədə. Siz necə hesab edirsiniz, parlament seçkiləri ölkədə ictimai yetkinliyin, demokratiyanın, vətəndaş məsuliyyətinin səviyyəsini adekvat şəkildə əks etdirə bildimi?
- Bu, müstəqil Azərbaycanın tarixində Milli Məclisə beşinci seçkilər idi. Xarici və yerli müşahidəçilər bildiriblər ki, seçkilər hamılıqla qəbul edilmiş beynəlxalq standartlara və demokratik prinsiplərə uyğun olub. Bu seçkilərin mühüm xüsusiyyəti ondan ibarətdir ki, elektoratın fəallığı artıb, seçicilər öz konstitusion hüquqlarından istifadə edərək siyasi plüralizm şəraitində öz iradələrini sərbəst ifadə edə biliblər. Bu il seçicilərin səsvermədə iştirak göstəricisi əvvəlki parlament seçkiləri ilə müqayisədə təxminən 6 faiz yüksək olub. Bu fakt ilk növbədə ölkədə siyasi hakimiyyətin davamlı və sabit olmasına dəlalət edir, habelə, əlbəttə, həm vətəndaş şüurluluğunu, həm də əhalinin artan siyasi, hüquqi mədəniyyətini nümayiş etdirir. Azərbaycan xalqı parlamentdə yerlərin əksəriyyətini qazanmış hakim Yeni Azərbaycan Partiyasına səs verməklə ölkədə həyata keçirilən siyasəti bəyənib və dəstəkləyib.