30 Dekabr 2015 12:59
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda fəaliyyət göstərən siyasi partiya təmsilçiləri yola saldığımız 2015-ci illə bağlı fəaliyyətlərini şərh ediblər. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) funksionerləri partiya fəaliyyətinin yekunları haqda danışıblar.

“Parlamentdəki yerimizi qoruyub saxlamağı bacardıq”

BAXCP sədrinin müavini Elçin Mirzəbəylinin sözlərinə görə, 2015-ci ili partiya quruculuğunda uğurlu hesab etmək olar: “Partiyamız təşkilatlanma işində kifayət qədər uğurlu nəticələr qazanıb, BAXCP formalaşma prosesində tamamilə yeni mexanizm tətbiq edib. Bundan başqa BAXCP-nin 2015-ci ildə Avropa Mühafizəkarlar və İslahatçılar Alyansına üzv qəbul olunması həm partiyanın, həm də bütövlükdə Azərbaycanın uğurudur. Bu, ölkədə çoxpartiyalı sistemin inkişafı üçün imkanlar yaradır”.

E.Mirzəbəyli noyabrın 1-də keçirilən parlament seçkilərinə də toxunub: “Seçkilərdə daha üstün nəticə əldə etməyə çalışsaq da, partiya sədri Qüdrət Həsənquliyevin timsalında parlamentdəki yerimizi qoruyub saxlamağı bacardıq. Bu da BAXCP-nin fəaliyyəti üçün əhəmiyyətli hadisədir”.

BAXCP təmsilçisi 2016-cı ildən gözləntilərini də açıqlayıb: “Ölkədə islahatların davam etməsini istəyirik. Hər zaman sistemli islahatların aparılmasının tərəfdarı olmuşuq. Ümid edirik ki, bu istiqamətdə addımlar atılacaq. Siyasi partiyalar cəmiyyətin bir parçasıdır və cəmiyyətdə baş verən hadisələrdən ona da pay düşür. Bütün baş verən hadisələrə baxmayaraq ölkədə, dünyada və regionda pozitivə köklənməyə çalışırıq. Ümid edirik ki, Azərbaycan üçün 2016-cı il uğurlu il olacaq”.

“İl AMİP üçün daha gərgin və işgüzar rejimdə keçdi”

AMİP-in beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev isə bildirib ki, 2015-ci il əvvəlki illərdən fərqli olaraq Milli İstiqlal Partiyası üçün daha gərgin və işgüzar rejimdə keçib: “İlin əvvəlindən partiya bir neçə istiqamətdə ciddi fəaliyyətə başlamışdı. AMİP-in qurultayının keçirilməsi ilə bağlı qərarına əsasən, təşkilatlarımız olan bütün regionlarda konfranslar keçirildi, nümayəndələr seçildi. 2015-ci il parlament seçkisi ili olduğundan parlament seçkilərinə hazırlıq da regionlardakı toplantılarımızın əsas mövzusu oldu”.

Onun sözlərinə görə, partiya ölkədə və dünyada baş verən əsas hadisələrə dərhal və operativ münasibət bildirib, ölkədə milli birliyə və siyasi sabitliyə xidmət edə biləcək iqtidar müxalifət-dialoqunun hər 3 raundunda fəal iştirak edilib.

E.Mustafayev qeyd edib ki, AMİP-in beynəlxalq əlaqələri də güclü olub: “Partiyanın beynəlxalq əlaqələri istiqamətdə intensiv fəaliyyət göstərmişik. Üzvü olduğumuz Beynəlxalq Demokrat İttifaqı və ora daxil olan partiyalarla fəaliyyətimiz AMİP, o cümlədən nəticə etibarı ilə Azərbaycan üçün uğurlu iş hesab oluna bilər. Eyni zamanda bu il Avropa Parlamenti və Avropa Xalq Partiyası ilə intensiv işlər görmüşük. Partiya rəhbərliyinin Avropa Xalq Partiyasının sədri və baş katibi ilə bu il Brüsseldə keçirdiyi son görüşdə AMİP-in AXP-yə üzv olması məsələsi prinsipcə razılaşdırılıb, yaxın vaxtlarda bu məsələnin hüquqi təsdiqi gözlənilir”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər