2 Fevral 2016 19:13
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ölkəyə təxminən 200 milyard dollar sərmayə yatırılıb. Bunun təxminən 100 milyardı Azərbaycanın özünün sərmayəsidir, digər 100 milyardı isə xarici investorlar tərəfindən Azərbaycana yatırılıb".

Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Qubada rayon ictimaiyyəti ilə keçirilən görüşdə çıxışı zamanı bildirib.

Prezident köməkçisi bildirib ki, 1994-2003-cü illərdə ümummilli lider Heydər Əliyevin formalaşdırdığı neft strategiyası əsasında transmilli xarici şirkətlərlə birlikdə Azərbaycanın enerji resurslarının işlənməsi, əsas ixrac marşrutlarının müəyyənləşdirilməsi, karbohidrogen ehtiyatların ixracı məsələləri həll olunub: "2004-cü ildən Azərbaycan böyük neft gəlirləri qazanmağa başlayıb və həmin pulların bir qismi Azərbaycanda yeni sosial-iqtisadi infrastrukturun yaradılmasına yönəldilib. Prezident regionların sosial iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunları ilə bağlı konfransda çıxış edərək bildirdi ki, biz keçən müddət ərzində həmin böyük pullardan istifadə edərək Azərbaycanda müasir cəmiyyət, güclü iqtisadiyyat quruculuğu sahəsində və gələcək inkişafımızı təmin etmək üçün lazım olan hər şeyi etmişik. 2008-ci ildə Azərbaycan ümumdünya iqtisadi böhranı hiss etmədi, lakin bu böhranın 2015-ci ildə başlanan ikinci dalğası, xüsusilə neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bütün dünya ölkələrinə, o cümlədən də Azərbaycana öz təsirini göstərir. Bununla yanaşı, hətta belə bir şəraitdə ötən il bizim iqtisadiyyatımız 1,1 faiz artıb, qeyri-neft sənayesində isə artın 8,4 faiz təşkil edib. Bu o deməkdir ki, Azərbaycan öz iqtisadiyyatını şaxələndirib, onun dayanıqlığını, davamlı və dinamik inkişafını təmin edib, bütün iqtisadi və sosial resursların istifadə strategiyasını düzgün müəyyənləşdirib. Bu gün qeyri-neft sektoru iqtisadiyyatın aparıcı istiqamətinə çevrilir və artıq Üumi Daxili Məhsulun 70 faizi məhz bu sektorda formalaşır. Lakin buna baxmayaraq, bundan sonrakı dövrdə də enerji potensialından istifadə olunacaq və bu istiqamətdə görülən işlər davam etdiriləcək. Qiymətindən asılı olmayaraq, neft Azərbaycanın dünya və Qərblə əlaqələrinin şah damarını təşkil edir”.

Ə.Həsənov qeyd edib ki, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin mərkəzində yerləşən bir ölkə kimi, ötən müddətdə nəqliyyat tranzit imkanlarının genişləndirilməsi istiqamətində mühüm işlər görüb: "Təkcə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi və bunun da nəticəsində Şərqlə Qərbi birləşdirən Azərbaycanın Avropa-Asiya əlaqələrində xüsusi halqa təşkil etməsi gələcəkdə Azərbaycanın əsas strateji resurslarının böyük hissəsini təmin edəcək. Hazırda bu dəhliz üzrə işlər başlanıb. Bu ilin sonuna Bakı-Tbilisi-Qars layihəsini tam istifadəyə verdikdən sonra, Xəzər dənizində bərə terminallarının imkanlarını genişləndirdikdən sonra bu sahədən böyük gəlirlər əldə edəcəyik. Bunu da ölkənin gələcək inkişaf üçün istifadə edəcəyik. Bundan başqa, Azərbaycan cənub-şimal daşımalarında da böyük halqalardan biri kimi çıxış edir. İrandan və Fars körfəzi bölgəsindən gələn yüklərin Azərbaycan dəmir yolları vasitəsilə, o cümlədən Xəzər dənizindəki bərələr vasitəsilə Qazaxıstan, Türkmənistan və Rusiyanın dəniz limanlarına çatdırılması imkanlarından istifadə etmək də əsas məqsədlərimizdəndir. Bundan başqa, “Şahdəniz-2” mərhələsindən reallaşdıracağımız böyük miqdarda Azərbaycan təbii qazının Türkiyə və Avropa bazarlarına nəqli üzərində işləyirik".

Ə.Həsənov daha sonra qeyd edib ki, hazırda TANAP layihəsi icra olunur və bir müddət sonra böyük Azərbaycan qazını Türkiyəyə çatdıracaq ixrac boru kəməri işə düşəcək. Bununla da neftin qiymətinin enməsi ilə bağlı itkilərimizin böyük bir hissəsi kompensasiya olunacaq. Biz postneft dövrünə, yəni neftin bitməsi, neftdən gələn gəlirlərin dayanması dövrünə, cənab prezidentin dediyi kimi, 2030-cu illərə güclü, rəqabətədavamlı iqtisadi sistemlə çıxmağı planlaşdırırıq. Lakin neftin qiymətinin süni şəkildə, bəzi beynəlxalq proseslərin təsiri altında, bir sıra beynəlxalq qüvvələrin təhriki ilə aşağı düşməsi bizi bir qədər tez yaxaladı. Buna görə də biz burda itirdiyimiz gəlirlərin digər sahələrdə kompensasiyası taktikasını hazırlayıb reallaşdırırıq. Bunların sırasında da “Cənub” qaz dəhlizi, Azərbaycanın tranzit imkanları, habelə insan kapitalı, qeyri-neft iqtisadiyyatı və digər resurslar var. Göründüyü kimi potensialımız, imkanlarımız çox genişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə enerji resurslarının ixracından əldə olunan gəlirlər hesabına bu potensialı formalaşdırmaq mümkün olub. Bütün bunlar keçən müddətdə neftdən əldə olunan gəlirlərin qeyri-effektiv istifadəsi barədə bəzi boğazdan yuxarı iddialara ən layiqli cavabdır".

Ə.Həsənov qeyd edib ki, ötən 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb. 3 dəfə artım o deməkdir ki, Azərbaycanın o dövrə qədər ümumi daxili məhsul istehsalı 15 milyard manat təşkil edirdisə, hazırda bu, 50 milyarddan artıqdır. Qeyri-neft sektorunun iqtisadiyyatda çəkisi 70 faizə çatıb.


Müəllif:

Oxşar xəbərlər