Müsavat Partiyasının rəhbərliyi ilə keçmiş və hazırkı sıravi müsavatçılar arasında cərəyan edən məhkəmə prosesinin cəmiyyətə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı - Müsavat Partiyası çəkişməsi kimi təqdim edilməsi tərəflər arasında narazılıq yaradıb.
Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu Müsavat Partiyasında xaric edilmiş bir qrup şəxslə partiya arasındakı məhkəmə çəkişməsinə münasibətini açıqlayıb.
O, Müsavat rəhbərliyini qeyri-legitim hesab etdiyini söyləyib: “Müsavat Partiyasının son rəhbərliyi ilə keçmiş və hazırkı sıravi müsavatçılar arasında cərəyan edən məhkəmə prosesinin cəmiyyətə ADR-Müsavat çəkişməsi kimi təqdim edilməsinə münasibət bildirməyi özümə borc bilirəm. Ümid edirəm ki, bilərəkdən yanlış informasiya yayaraq ictimaiyyəti aldadan bəzi partiya təmsilçiləri bundan lazımi nəticə çıxaracaq. ADR Hərəkatı heç bir siyasi partiyanı, o cümlədən, Müsavatı məhkəməyə verməyib. Çox təəssüf ki, hazırkı rəhbərliklə təmsil olunan Müsavat Partiyası cəmiyyətin bütün kəsimlərinin etibarını itirdiyinə görə mübarizəmizin vizyonundan kənardadır. Müsavat Partiyası təmsilçilərinin məhkəmədə və mətbuatda bu məhkəməni ADR Hərəkatı ilə bağlamaq cəhdləri həqiqi müsavatçıların partiyadan kənarlaşdırılmasına, partiyadaxili demokratiyanın pozulmasına yanlış hüquqi və siyasi don geyindirmək cəhdinin təzahürüdür”.
O qeyd edib ki, ADR Hərəkatının rəhbərliyi müxtəlif partiyaları təmsil edən üzvlərin şəxsi qərarlarına hörmətlə yanaşır və belə məsələlərə qarışmır. Q.İbadoğlu söyləyib ki, Müsavatın hazırkı qeyri-legitim rəhbərliyi ilə mübarizəni məqbul hesab etmir: “İnanıram ki, vaxt gələcək, onlara ən böyük divanı tarix quracaq. Unutmayın ki, keçmişlə uğraşanın gələcəyi olmaz! Şərəfli keçmişi olan Müsavat dəftəri ADR Hərəkatı üçün artıq qapanmışdır!”
ADR sədrinin I müavini, Müsavatın eks-başqanı İsa Qəmbərin müavini olmuş Vurğun Əyyub Qubad İbadoğlunun fikirlərini bölüşdüyünü dilə gətirib: “Qubad bəyin fikirlərinə şərik olmaqla yanaşı, onu da deyim ki, şikayət edənlər illərlə Müsavat Partiyasında can qoymuş, əmək sərf etmiş insanlardır. Onlar haqsızlığa qarşı çıxırlar, haqlarını tələb edirlər. Bunu məqsədli şəkildə ADR Hərəkatı ilə Müsavat partiyası arasındakı çəkişmə kimi qələmə vermək çirkin niyyətlərdən xəbər verir”.
Müsavatın Məclis sədri Nüşabə Sadıxlı irəli sürülən ittihamları qərəzli hesab edib: “Onlar ədalətsiz olaraq qurultayın saxtalaşdırıldığını deyirlər. Ədliyyə Nazirliyi də bu işi araşdırdı, məhkəmə də araşdıracaq. İnsan haqsız olanda içindəki yanğını çıxarmağa çalışır. Bir qrup insanın Müsavatı məhkəməyə verməsini bu cür əsaslandırıram. Bunlar iddia edir ki, qurultay saxtalaşdırılıb. İndi etirazçıların özləri və ya onların ətrafındakı insanlar qurultayın təşkilat komitəsində təmsil olunublar, qurultayın gedişatında belə, onların təklif etdiyi insanlar qurultayın işində, iştirak ediblər. Səssayma komissiyalarında da çoxluq onların tərəfində olub. Bəlkə də bəziləri gündəmdə qalmaq üçün məhkəməyə müraciət edirlər. Mənə sual verirlər ki, onların getməsi ilə Müsavat nəyi itirdi? Deyirəm ki, hələ məlum deyil, Müsavatın itkisi böyükdür, yoxsa onların itkisi? Bəlkə də, itirdikləri üçün yanırlar. Dəqiq səbəbi bilmirəm, amma hər halda vəziyyət belədir”.
Məclis sədri hesab edir ki, Qubad İbadoğlunun nə deməsindən asılı olmayaraq Müsavatı məhkəməyə verən elə ADR-dir: “Məhkəməyə müraciət edən insanlar hazırda ADR rəhbərliyində təmsil olunurlar. ADR-in marağı olmasaydı, bu insanlar Müsavatı niyə məhkəməyə verməli idilər? Kiminsə onlarla qərəzi vardısa, ayrı-ayrı fərdləri məhkəməyə verərdilər. Bu siyasətdir, üzdə bir cür arxada başqa cür davranırlar”.
Qubad İbadoğlunun Müsavat daxilində demokratiyanın pozulması ilə bağlı fikirlərinə gəlincə, N.Sadıxlı qeyd edib ki, Müsavat Partiyasının qəbul etdiyi bütün qərarlar, partiyanın yürütdüyü xətt çox aşkar şəraitdə, hamının gözü qarşısında yerinə yetirilib: “Partiyadaxili demokratiya harada pozulub ki? Mən onu bilmək istəyirəm. Onlar məhkəməyə müraciət etdilər, amma saxtakarlıqla bağlı bir sənəd belə üzə çıxara bilmədilər. Gündəmdə qalmaq üçün indi belə fikirlər irəli sürürlər”.
Sonda o, ADR rəhbərliyinə də ismarış göndərib: “Ən dəqiq qiyməti tarix verəcək. Amma tarixin kimə divan tutacağı məlum deyil. Tarix, bəlkə də, elə onların özlərini ittiham edəcək”.
Xatırladaq ki, Müsavat Partiyasının 2014-cü il sentyabrın 27-də keçirilən VIII qurultayında Arif Hacılı 228 səslə başqan seçilib. Qubad İbadoğlu 200 səslə ikinci, Tural Abbaslı 20 səslə üçüncü olub. Qurultayın nəticələrindən narazı qalanlar növbədənkənar qurultay keçirilməsi tələbini irəli sürüblər. Qubad İbadoğlu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını yaradıb. Müsavat rəhbərliyi Q.İbadoğlunun bu addımını bölücülük kimi qiymətləndirib və onu partiyadan xaric edib. Müsavatdan uzaqlaşdırılanların böyük əksəriyyəti Qubad İbadoğlunun ətrafına toplaşıb. Tural Abbaslı isə tərəfdarları ilə birlikdə “Ağ blok” yaratdığını bildirib və tezliklə partiya yaradacağını elan edib.
Müsavatdan uzaqlaşdırılan bir qrup narazı şəxs “Müsavatçıların hüquqlarını Müdafiə Komitəsi” yaradıb və partiyanın sonuncu qurultayının nəticələrinin ləğv edilməsi üçün Binəqədi Rayon Məhkəməsinə müraciət ünvanlayıb. Qaldırılan iddiada qurultaydan qabaq və sonra bir sıra pozuntuların baş verdiyi qeyd olunub və məhkəmədən nəticələrin ləğvi, yenidən qurultay çağırılması tələb edilib.
İddia ərizəsini Müsavat Qadınlar Birliyinin sabiq sədri Ellada Məmmədli, partiyanın keçmiş üzvü Əlövsət Sadiqlı, Müsavatın Surxanı rayon təşkilatının sabiq sədri Rövşən Dəmirli, partiyanın Zəngilan rayon təşkilatının sabiq sədri Rüfət Əliyev və başqaları imzalayıblar. Adıçəkilən şəxslər partiyadan xaric edilib, onlar ADR-də təmsil olunurlar. Bundan əvvəl qurultayın nəticələrinin ləğvi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edilib. Nazirlik isə müraciətə baxmaqdan imtina edib, məsələnin məhkəmə predmeti olduğunu bildirib.
NƏRGİZ