16 Fevral 2016 13:17
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada hərbi əməliyyatlar gücləndikcə regionda da gərginlik artır. Bəşər Əsədə münasibətdə maraqları toqquşan Türkiyə və Rusiya, eləcə də bəzi ərəb ölkələri hərbi konfliktə girməyə çox yaxındılar. Bölgədə durumun qəlizləşməsi Azərbaycanı da seçim qarşısında qoyur. Teleqraf.com Suriya ətrafında yaranan son vəziyyəti dəyərləndirmək üçün politoloq Elxan Şahinoğluna müraciət edib.

- Türkiyə və Rusiya orduları Suriyada üz-üzə gələ bilərmi? Gələ bilərsə, bu, region üçün nə vəd edir?
- Rusiya və Türkiyə hərbi qüvvələri Suriyada hər an qarşı-qarşıya gələ bilər. Rusiya ordusu Əsəd qüvvələrilə birlikdə Türkiyəyə yaxın əraziləri bombalayır. Türkmənlərin yaşadıqları bölgələr atəş altındadır. Hər gün minlərlə insan qardaş ölkəyə pənah aparır. Həmçinin Suriyadakı kürdlər, PKK-nın bir qolu olan PYD geniş ərazilərə nəzarəti ələ alıb. Belə olan halda Türkiyənin qonşuluğunda baş verən proseslərə biganə qalması düzgün olmazdı. Nə üçün Əsəd və Putinin qərarlarından qardaş ölkə əziyyət çəkməlidir? İki milyondan çox qaçqını yemək-içmək, yaşayış yeri və dəva-dərmanla təmin etmək Türkiyənin boynunadır. Belə olan halda Ankara da öz maraqlarını təmin etmək üçün hərəkətə keçməlidir. Amma Türkiyənin Suriya əməliyyatları çox çətin olacaq. O, təkcə PKK ilə deyil, Əsəd ordusu və Rusiya hərbi qüvvələrilə müharibə aparmalı olacaq. Hərbi qarşıdurma regionda gərginliyi daha da artıracaq və Azərbaycanı seçim qarşısında qoyacaq. Rusiya Azərbaycanın qonşusu, Türkiyə isə strateji müttəfiqidir. Ölkə prezidenti dəfələrlə bəyan edib ki, Azərbaycan daim Türkiyənin yanında olacaq.

- Türkiyənin baş naziri Əhməd Davudoğlu dünən Kiyevdə deyib ki, Rusiya Dağlıq Qarabağın işğalında Ermənistana dəstək verib. Bununla bağlı nə deyə bilərsiniz?
- Onsuz da, Azərbaycanda hər kəs bilir ki, ermənilər Qarabağı Rusiyanın əli ilə işğal ediblər. Qeyd olunub ki, Dağlıq Qarabağ xarici qüvvələrin dəstəyi ilə Ermənistan tərəfindən işğal olunub. Biz Qarabağ məsələsində aktiv olmalı, konkret mövqe ortaya qoymaqdan çəkinməməliyik. Amma Suriya məsələsində ümumi ifadələr işlətməklə vəziyyətdən çıxa bilərik.

- Suriya məsələsində Azərbaycanın Türkiyəyə açıq dəstək verməsi hansı risklər yarada bilər?
- Burada əsas risk Rusiya faktorudur. İki gündən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Gəncəyə səfər edəcək. Yəqin ki, prezidentlə təkbətək görüş keçiriləcək və orada Suriya məsələsi müzakirə olunacaq. Bir daha qeyd edirəm, Türkiyə strateji müttəfiqimiz, Rusiya isə tərəfdaş ölkədir. Biz münasibətləri gərginləşdirə bilmərik. Rusiya qırıcısı vurulandan sonra Türkiyənin baş naziri Azərbaycana səfər etdi və prezident İlham Əliyev qeyd etdi ki, biz daim Türkiyənin yanında olmuşuq və olacağıq. Bu, çox cəsarətli açıqlama idi və münasibətlərin xarakterindən xəbər verir. Azərbaycan Türkiyə-Rusiya münasibətlərinin pisləşməsini istəmir.

Ruslan


Müəllif:

Oxşar xəbərlər