"Xocalıda baş verənlər böyük faciədir. Bu, qətliam deyil, soyqırımıdır. Təəssüflər olsun ki, 24 il ərzində Xocalı soyqırımı nə hüquqi, nə də siyasi qiymətini tam ala bilib. Beynəlxalq aləm Ermənistanın hərbi cinayətlərindən xəbərdar olsa da, bu dövlətə qarşı heç bir cəza tədbiri görülməyib".
Bunu Teleqraf.com-a açıqlamasında BAXCP sədrinin müavini Elçin Mirzəbəyli Xocalı soyqırımı ilə bağlı danışarkən bildirib. Onun sözlərinə görə, Ermənistanın işğalçılıq siyasətinə vaxtında düzgün qiymət verilmədiyi üçün bu gün də münaqişənin həlli mümkün olmayıb.
E.Mirzəbəyliyə görə, "Xocalıya ədalət" kampaniyası çərçivəsində Xocalı soyqırımının dünyada tanıdılması üçün xeyli işlər görülüb: "Xocalıya ədalət" kampaniyası kifayət qədər uğurlu oldu. Amma bununla kifayətlənmək olmaz. Yorulmadan davamlı şəkildə işləri aparmaq lazımdır".
BAXCP sədrinin müavini qeyd etdi ki, beynəlxalq güclər münaqişəni sülh yolu ilə həll etmək əvəzinə, Ermənistana bu və ya digər formada dəstək verirlər: "Rusiyanın Ermənistana 200 milyon dollarlıq silah satmasını bura əlavə etmək olar. Torpaqlarımızın işğalında iştirak etmiş, Ermənistana dəstək göstərmiş beynəlxalq güclər bu gün də fəaliyyətlərini davam etdirir. Ermənistana silah satılması regionda hərbi balansı pozur və işğalçı ölkəyə imkan verir ki, destruktiv fəaliyyətini davam etdirsin. BAXCP olaraq biz Rusiyanın Ermənistana silah satmasını qəti şəkildə pisləyirik".
Ayxan