3 Mart 2016 11:16
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq Partiyasının sədri Pənah Hüseynlə Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər arasındakı münasibətlərin pozulmasının səbəbləri bəlli olub.

Xatırladaq ki, sabiq baş nazir bir müddətdir Tural Abbaslı başda olmaqla Müsavatın indiki rəhbərliyinə müxalifətdə olan şəxsləri ətrafına toplayıb. P.Hüseyn bu şəxslərlə mütəmadi olaraq çayxanada görüşür, keçirəcəkləri tədbirlər, görəcəkləri işlər haqqında müzakirələr aparır. Hətta məlumatlara görə, sabiq baş nazir aylar əvvəl İsa Qəmbərlə görüşərək onun da dialoqa qatılmasını təklif edib. Daha sonra İsa Qəmbəri “Böhran Koalisiyası”nın tədbirinə dəvət edib. Lakin İ.Qəmbər dostunun təkliflərinə "yox" deyib. Bundan sonra Pənah Hüseyn Müsavatın qərargahında gözə dəyməyib.

Münasibətlərinin pozulmasının səbəblərini açıqlayan P.Hüseyn bildirib ki, 2014-cü ilin sonlarından etibarən, bir sıra siyasi-taktiki xarakterli və konyuktur olan məsələlərdə onunla İsa Qəmbər arasında fikir ayrılıqları olub. Bununla belə o, iddia edib ki, şəxsi münasibətlərdə və İsa Qəmbərin şəxsinə münasibətində heç bir dəyişiklik yoxdur. P.Hüseyn hətta AXCP sədri Əli Kərimlinin bostanına daş ataraq söyləyib ki, İsa Qəmbər bu gün ənənəvi müxalifətin meydanda olan ən ciddi fiqurudur: “Həmçinin, müxalif düşərgənin hazırkı duruma gəlməsinin və içində olduğu problemlərin birinci məsuliyyətinin İsa Qəmbərin üzərində olduğu qənaətindəyəm”.

Onu da qeyd edək ki, P.Hüseyn bilərəkdən Müsavatın hansısa qurumda təmsil olunması, ora dəvət edilməsi məsələsini partiyanın faktiki başqanı Arif Hacılı ilə deyil, İsa Qəmbərlə müzakirə etməyə üstünlük verir. Bu isə Müsavatın indiki rəhbərliyi tərəfindən heç də müsbət qarşılanmır. İddialara görə, P.Hüseynin Arif Hacılı ilə də münasibətləri gərgindir. Buna səbəb Müsavatın qurultayı ərəfəsində P.Hüseynin A.Hacılının başqan seçilməsinə qarşı çıxması olub.

Odur ki, indi Arif Hacılı başda olmaqla çoxluq P.Hüseyni Müsavatın qərargahında görməyi arzu etmir.

Cavidan


Müəllif:

Oxşar xəbərlər