31 Mart 2016 11:49
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) ayrılan və bu günə qədər heç bir siyasi təşkilata üzv olmayan şəxslər yeni qurum təsis ediblər.

Teleqraf.com-un məlumatına görə, yeni qurum Azad Azərbaycan Naminə Hərəkat adlanır. Hərəkatın Təşəbbüs Qrupu yaradılıb və AXCP-nin sabiq üzvlərindən Ağaşirin Tanrıverdioğlu, Dəyanət Babayev və Nizami Osmanov qrupa daxil ediliblər.

Xatırladaq ki, Ağaşirin Tanrıverdioğlu və Dəyanət Babayev AXCP-nin fəal üzvlərindən olub, dəfələrlə polis tərəfindən saxlanılıblar. Lakin ötən il bu şəxslər AXCP-dən çıxarılıb. Onlar buna səbəb kimi AXCP sədri Əli Kərimlinin tənqidə dözümsüzlüyünü, avtoritar idarəçiliyə meyl etməsini göstəriblər.

Ağaşirin Tanrıverdioğlu Teleqraf.com-a açıqlamasında məlumatı təsdiq edib: “Təşkilatımız Azad Azərbaycan Naminə adlanır. Adından gördüyünüz kimi Azərbaycanın azadlığı, müstəqilliyi, demokratiya və söz azadlığını əsas prioritet seçib. Bu təşkilatı hər bir şəxsin hüquqlarını müdafiə etmək məqsədilə yaradırıq. Təşkilat nə hakimiyyət, nə də müxalifət tərəfindən yaradılıb. Qurum vətəndaş cəmiyyəti, siyasi partiya üzvləri və elektoratdan aldığımız təşəbbüslər nəticəsində yaradılıb. Qısa bir müddətdə çoxlu sayda partiya və təşkilatlardan bizə axın olacaq. Əminəm ki, güclü təşkilata çevriləcəyik”.

A.Tanrıverdioğlu xatırladıb ki, sonuncu dəfə AXCP-nin üzvü olub və partiyadan əsassız olaraq xaric edilib: “Həm köhnə AXCP-dən, həm də yeni yaradılan AXCP-dən bizə qoşulanlar olacaq. Eləcə də digər siyasi partiya üzvlərindən də müəyyən təkliflər almışıq. Yəqin ki, yaxın günlərdə siyasi partiyaları tərk edərək bizə qoşulanlar barədə informasiyalar olacaq. Odur ki, güclü istefalar baş verəcək”.

Müsahibimiz qeyd edib ki, AXCP-də kifayət qədər dostları var və bu insanların hamısı “Azad Azərbaycan Naminə” təşkilata qoşulacaq: “Təbii ki, bununla bağlı dostlarımızla məxfi görüşlərimiz və danışıqlarımız olub. Biz 25 ildən çoxdur ki, siyasətdəyik, kifayət qədər çevrəmiz var. Hesab edirəm ki, nəzərdə tutduğumuzdan daha çox cəbhəçi bu quruma gələcək”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər