Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı yeni rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai öz etimadnaməsini Xarici İşlər Nazirliyinə təqdim edib.
Teleqraf.com-un məlumatına görə, Qulam İsakzai BMT sistemində və Asiya və Yaxın Şərqdə fəaliyyət göstərən beynəlxalq QHT-lərdə beynəlxalq inkişaf, humanitar böhran vəziyyətləri və münaqişədən sonrakı bərpa işlərində 22 illik iş təcrübəsinə malikdir.
O, yoxsulluğun azaldılması, səmərəli idarəçilik və qanunun aliliyi, ətraf mühit və təbii fəlakətlər zamanı idarəçilik, habelə könüllülük və vətəndaş cəmiyyəti ilə bağlı proqramlara rəhbərlik edib.
Q.İsakzai bundan əvvəl, BMTİP-in Tacikistandakı Nümayəndəliyində baş müşavir və Ölkə üzrə direktor əvəzi qismində və BMT-nin Koreya Xalq Demokratik Respublikasındakı rezident əlaqələndiricisi və BMTİP/BMT Əhali Fondunun rezident nümayəndəsi vəzifəsində (2013-2015-ci illər) çalışıb.
Buna qədər İsakzai Almaniyada Birləşmiş Millətlər Təşkilatının Könüllüləri nəzdində İnkişaf Bölməsinin rəhbəri (2008–2013-cü illər) olub. 2005-ci ildən 2008-ci ilədək o, BMTİP-nin Nepaldakı Rezident Nümayəndəsinin müavini vəzifəsində çalışıb. 2003-cü ildən 2005-ci ilədək olan dövrdə, o, BMTİP və BMT-nin Əfqanıstandakı Yardım Missiyası (UNAMA) yanında Tərksilah, Tərxis və Reinteqrasiya Proqramında Proqram Məsələləri üzrə baş müşavir qismində yenidənqurma prosesinə yardım etmək üçün öz doğma ölkəsinə qayıdıb.
Cənab İsakzai Yəməndə Rezident Nümayəndənin köməkçisi və İdarəçilik Bölməsinin rəhbəri (2001–2003-cü illər) və Suriyada BMT-nin Yaxın Şərq üzrə Xüsusi Əlaqələndiricisinin (UNSCO) Ofisində Proqram Məsələləri üzrə baş müşavir (2000–2001-ci illər) olub. 1997–1999-cu illərdə, o, Bağdadda və İraqın Kürd əyalətində BMT-nin İraq üzrə Humanitar Əlaqələndiricisinin Ofisində çalışıb. BMT sistemində fəaliyyətə başlamazdan əvvəl Qulam İsakzai Amerika Birləşmiş Ştatlarında özəl sektorda (1993 – 1995-ci illər) çalışmış və Pakistanda “Uşaqların Xilası” (ABŞ), “Azad Tibb” və “İsveçin Əfqanıstan üzrə Komitəsi” kimi (1986–1990-cı illər) beynəlxalq QHT-lərdə müxtəlif vəzifələr tutub.
Cənab İsakzai ABŞ-ın Massaçusets ştatında Hüquq və Diplomatiya üzrə Fletçer Məktəbində beynəlxalq ümumi hüquq üzrə magistr dərəcəsi və ABŞ-ın Nebraska ştatında Midland Universitetində, fərqlənmə diplomu ilə, biznes idarəçiliyi üzrə bakalavr dərəcəsini alıb.
Nərgiz