3 May 2016 11:50
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə yerli və xarici KİV-lərin təmsilçiləri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhə xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrinə endirdiyi artilleriya zərbələri nəticəsində mülki əhaliyə dəyən ziyanın nəticələri ilə yerində tanış olmaq üçün həmin kəndlərə səfər ediblər.

Xarici jurnalistlər arasında olan BBC-nin əməkdaşı Tom Burridge cəbhə xəttindəki vəziyyətlə bağlı geniş məqalə hazırlayıb, yerli sakinlərdən müsahibələr götürüb. Məqalədə 65 yaşlı Ələkbər Ələkbərovun aşağıdakı sözlərinə yer verilir: “Evdə oturub çay içə-içə futbola baxırdım. Birdən kəndin üzərinə bombalar yağmağa başladı”.

Müəllif yazır: “Erməniləri faşist adlandıran kənd sakini dağılmış evini bizə göstərərək xoşbəxtlikdən sağ qaldığını bildirdi”. “Biz torpaqlarımızı sülh yolu ilə geri qaytarmaq istəyirik. Lakin əgər bu, mümkün olmasa, mən doğma Vətənim uğrunda döyüşməyə hazıram”, - deyə Ələkbər Ələkbərov qeyd edir.

Tom Burridge yazır ki, yerli və xarici jurnalistlər dağılmış və yandırılmış binaları görmək üçün bir neçə kənddə və iki xəstəxanada oldular.

“Kəndlərin birində biz qardaşının şəklini qucağında tutan Qənbər Mustafayev və yaxınlarını itirmiş bir neçə sakin ilə görüşdük. Qənbər qardaşının şəhid olduğunu, özünün də Vətən uğrunda canından keçməyə hazır olduğunu bildirdi”, - deyə müəllif diqqətə çatdırır.

Məqalədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin fikirlərinə də yer verilir. O deyir ki, BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxmasını tələb edən dörd qətnamə qəbul edib. Azərbaycan münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar prosesinə sadiqdir. Beynəlxalq ictimaiyyət bu məsələdə Azərbaycanın tərəfindədir.

Məqalədə Ermənistan silahlı qüvvələrinin artilleriya zərbələri nəticəsində dağılmış evlərin, ziyan çəkmiş mülki şəxslərin və xəstəxanada müalicə olunan yaralıların fotoşəkilləri də yer alıb. (“Azərtac”)


Müəllif:

Oxşar xəbərlər