Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Qarabağ konfrasında iştirak etmək üçün İrana gedib.
Teleqraf.com-un məlumatına görə, Təbriz Universiteti tərəfindən təşkil olunan elmi-praktiki konfrans Şuşanın işğalının ildönümünə həsr edilib. Tədbirə Azərbaycandan həmçinin tanınmış ictimai-siyasi xadimlər – İlyas İsmayılov, Tahir Kərimli, Eldəniz Quliyev, Rövşən Əhmədli və digərləri qatılıblar. İranın bir çox elm nümayəndələrinin, ictimai xadimlərinin iştirakı ilə keçiriləcək tədbirdə Şuşanın işğalı, bu mədəniyyət ocağının Azərbaycan, bütövlükdə islam dünyası üçün əhəmiyyəti, ümumiyyətlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş müzakirələrin aparılması nəzərdə tutulur.
A.Nağı İranda Qarabağla bağlı tədbirlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Azərbaycan və İran arasında münasibətlər yüksələn xətlə inkişaf edir, dövlət başçıları, digər rəsmilər sıx əməkdaşlıq edirlər. İran Qarabağ münaqişəsi ilə bağlı həmişə ədalətli mövqe tutub, münaqişənin həllinə yardım etməyə çalışıb.
İki dost ölkənin cəmiyyətləri arasında da münasibətlər daimi təmasların inkişafına, qarşılıqlı məlumatlandırma prosesinə, həqiqətlərin ortaya çıxarılmasına və yayılmasına xidmət edir. Biz həmişə bu təmasların, əlaqələrin genişlənməsinə çalışmışıq. Şükürlər olsun ki, proses irəliyə doğru gedir”.
Səxavət