“Rusiya Federasiyasının Ermənistandakı səfirliyinin ikinci katibi növbəti dəfə “səhv” buraxıb. O deyib: “Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımadıqca rus silahları Dağlıq Qarabağa göndərilə bilməz”.
Teleqraf.com xəbər verir ki, bu sözlər Ermənistanda nəşr olunan “Qraparak” qəzetində dərc olunub.
Qəzet daha sonra yazır: “Biz bu “problem”lə bağlı Ermənistan parlamentinin deputatı Tevan Poqosyanın mövqeyini öyrənməyə çalışdıq”.
T.Poqosyan deyib: “Birdəfəlik və həmişəlik yadda saxlayın; Ermənistan suveren ölkədir və heç kim Ermənistana daxil olan malları, istər silah, istərsə də digər vacib nəsnələri harda, necə istifadə etməklə bağlı bizə göstəriş verə bilməz. Artıq Qarabağla Ermənistan arasında qarşılıqlı hərbi yardım barədə saziş üzərində iş aparılır. Həmçinin, nəzərə almaq lazımdır ki, Ermənistan hər zaman Dağlıq Qarabağın təhlükəsizliyinin təminatçısı olub. Şəxsi daşınan əmlak üzərində sərəncam vermək hüququ Ermənistanın özünün məsələsidir və heç kimin bu hüququ şərh etməyə haqqı yoxdur”.
Qeyd edək ki, T.Poqosyan qondarma “DQR”in keçmiş “baş naziri” Jirayr Poqosyanın oğludur.
Səxavət