“Bəzən bir sıra savadlı insanlar, yoldaşlar da kooperasiya ilə keçmiş kolxoz-sovxozları səhv salır, bunları bir-birinə qarışdırır. Kənd təsərrüfatı kooperasiyaları kolxoz-sovxoz, onun bərpası demək deyil”.
Teleqraf.com xəbər verir ki, bunu parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Komitə sədrinin dediyinə görə, üzü ABŞ-dan tutmuş qabaqcıl, inkişaf etmiş Avropa ölkələrinə kimi hamısında kooperasiya sistemi mövcuddur: “Biz də özümüzü Avropanın kooperasiya sisteminə uyğunlaşdırmaq istəyirik, müvafiq qanunumuz da məhz Avropanın analoji qanunvericiliyi əsasında və yerli xüsusiyyətlər nəzərə alınmaqla hazırlanıb”.
Komitə sədri adıçəkilən qanunun hazırlanmasına 2010-cu ildən başlanıldığını, hətta, 2011-ci ildə Almaniyanın kooperasiya sistemi və qanunvericiliyi ilə tanışlıq üçün həmin ölkəyə səfər edildiyini bildirib.
Onun sözlərinə görə, həmin vaxtdan rəhbərlik etdiyi komitə, həmçinin, Prezident Administrasiyasının (PA) müvafiq şöbələri və Kənd Təsərrüfatı Nazirliyi ilə bir yerdə sözügedən qanun layihəsinin hazırlıqlarına başlanılıb və sənəd nəhayət, 2015-ci ilin dekabrında parlamentdə birinci oxunuşdan keçirilərək ikinci oxunuşa tövsiyə olunub.
Həmin müddətdən ötən dövr ərzində qanun layihəsi üzərində ciddi təkmilləşdirmələr aparıldığını bildirən komitə sədri onu da xatırladıb ki, bu sənədin tam yenidən işlənilməsi üçün ölkə Prezidentinin müvafiq sərəncamı var: “Bildiyiniz kimi, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı ölkə Prezidentinin müvafiq sərəncamı var və orada bu qanunun yenidən işlənməsi də öz əksini tapıb. Ona görə bunu yeni, torpaq islahatı qanunvericiliyi kimi inqilabi qanun, yeni islahat kimi qəbul etmək olar. Burada da məqsəd keçmiş kolxoz-sovxozları bərpa etmək deyil, ölkənin kənd təsərrüfatını inkişaf etdirmək, ərzaq təhlükəsizliyini təmin etməkdir”.
O, xatırladıb ki, hətta, dövlət başçısı tərəfindən ölkədə 50 iri təsərrüfatın yaradılması ilə bağlı tapşırıq da var:
“Artıq bu istiqamətdə də işlərin görülməsinə başlanılıb. Qəbələdə, Ağcabədidə artıq belə təsərrüfatlar yaradılıb və onların fəaliyyətində müsbət nəticə ortadadır. Artıq həm də neftdən əl çəkməliyik, indi qeyri-neft sektorunun inkişafına ciddi diqqət yetirməliyik. Cənab Prezident özü də neft dövrünün artıq arxada qaldığını bildirdi. Ona görə də kənd təsərrüfatının inkişafına və bu inkişafı təmin edəcək iri fermer təsərrüfatlarının, kooperasiyaların yaradılmasına nail olmalıyıq. Heç kimin də torpağı əlindən alımır, bu, hər kəsin öz şəxsi mülkiyyətidir, sadəcə, məhsul istehsal etmək üçün birləşib iri fermer təsərrüfatı yaradırlar.
Bunun başqa adı yoxdur. Neftdən də, digər faydalı qazıntılardan da gələcək gəlirlərimiz olacaqsa və ya gəlməkdə davam edəcəksə, lap yaxşı. Amma neft, digər faydalı qazıntılar qurtara bilər, torpaq qurtara bilməz. Odur ki, torpaqdan da düzgün istifadə etməyi bacarmalıyıq”.
Nemət