Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.
-Fazil bəy, iyunun 4-də Böyük Quruluş Partiyasının qurultayı keçiriləcək. Başqa partiyalardan dəvətlilər olacaqmı? Sədrliyə kimlər namizədiyini verəcək?
-Başqa partiyalardan heç kəsi təşkilatımızın qurultayına dəvət etməmişik. Çünki bu, bizim növbəti işgüzar qurultayımızdır. Nizamnaməyə uyğun olaraq Böyük Quruluş Partiyasının qurultayı 4 ildən bir keçirilir. Hələ ki, partiya üzvlərindən heç kəs öz iradəsini ifadə etməyib, sədrliyə məndən başqa namizəd yoxdur. Sədr seçkisi, Məclis, Mərkəzi Nəzarət-Təftiş Qurulunun seçkiləri baş tutacaq. Məqsəd odur ki, nizamnamənin tələblərinə əməl edək, qurultayımızı keçirək, vaxtı ötürməyək.
-Çox güman yenidən sədr seçiləcəksiniz...
-Namizədliyimi verəcəyəm, qurultay nümayəndələri etimad göstərsə, yenə də fəaliyyətimi partiya rəhbəri kimi davam edəcəyəm.
-Respublika Günü ilə bağlı tədbir keçirməyi planlaşdırırsınız?
-28 May Respublika günü ilə bağlı xüsusi bir tədbir nəzərdə tutmamışıq. İyunun 4-də isə türk əsgərinin məzarını ziyarət edəcəyik. Hər il Türk-İslam Ordusunun Azərbaycanı xilas etməyə gəlişinin ildönümünü mayın 25-də qeyd edirdik. Bu dəfə qərara aldıq ki, qurultayın açılışından öncə partiya nümayəndələrimizlə birgə Şəhidlər Xiyabanında türk əsgərinin abidəsini ziyarət edək.
Hər xalqa müstəqil dövlət yaratmaq nəsib olmur. Bu, xalqın nümayəndələrinin sayından asılı deyil, bu, xalqın bəxtinə, taleyinə düşən bir məsələdir ki, ağır mübarizə yollarından keçərək müstəqillik əldə edir. Ona görə də Respublika günü bizim ən dəyərli günümüzdür. 28 May tarixi müstəqilliyimizin doğuşu, millət olmağımızın təsdiqi, dövlət olmağımızın işarəsidir. Müstəqillik üçün şəhid olan böyük şəxsiyyətlərin qarşısında bu gün yaşayan hər bir vətəndaşımız iki borc daşıyır.
Birincisi, müstəqilliyimizi qorumaq, ikincisi isə güclü və demokratik dövlət qurmaq borcudur. Allah Azərbaycanın müstəqilliyini qorusun, bizlərin də hər zaman milli dövlətimizin güclənməsi üçün çalışma imkanımız olsun, öz borcumuzu yerinə yetirək.
-4 iyun qiyamının ildönümü yaxınlaşdığı ərəfədə mərhum prezident Əbülfəz Eçibəylə bağlı başda Nemət Pənahlı olmaqla kampaniya başladılıb...
-Kampaniya deməzdim. Kimsə mətbuatda fikirlərini yazır, bir başqası kitab yazır... Fikir o zaman qalıcı olur ki, müəyyən dərəcədə obyekivliyə söykənsin və səviyyəli olsun. Əbülfəz Elçibəylə bağlı o dövrün proseslərinə müəyyən dərəcədə tənqidi yanaşmanı normal qəbul edirəm. Tarixdə səhvsiz insan və ya komanda olmayıb. Ancaq ona təhqiredici yanaşmaq, aşağılayıcı münasibət bildirmək, yaxud qəsdən klan, yerliçilik zəminində təqdim etmək insafsızlıqdır. Bu, insanların mahiyyəti başa düşməməyindən irəli gələn məsələdir. Bu kimi məsələlərdə obyektivliyin olmasına üstünlük verirəm.
İnsanlar başa düşməlidir ki, kimisə mütləq qaralamaq, yaxud qaldırıb göyün başına çıxarmaq olmaz. Əbülfəz Elçibəyi yerliçilikdə, klançılıqda ittiham etmək nadanlıqdır, heç bir əxlaq normalarına sığmır. Bu adam klançılıq eləsəydi, hakimiyyətdə qalardı.
-Nemət Pənahlı Əbülfəz Elçibəylə meydanda bir yerdə olmuş, təmas qurmaq imkanı olmuş insandır. Ancaq Elçibəyin vəfatından illər keçsə də, yenə təhqiramiz fikirlər səsləndirir. Sizcə, onun bu yanaşmasının kökündə nə dayanır?
-Bunun kökündə nifrət duyğuları dayanır. Hesab edirəm ki, Nemət Pənahlı keçmişin kinini daşıyır. Əslində bu cür yanaşmalar Əbülfəz Elçibəyi kiçiltmir. Həmin insanların özlərinin baxışlarının doğru olmadığını ortaya qoyur. Dediyim kimi Əbülfəz Elçibəyi tənqid etmək, onun fəaliyyəti ilə bağlı təhlil aparıb yanlışlıqları ortaya qoymaq olar.
Təhqiri isə heç bir insana yaraşdırmıram, yaxşı hal deyil. Ən azı siyasi etikaya görə bunu gərək etməsinlər. Kimlərsə təhqirə keçirsə, bu, onun özünə hörmət qazandırmır.
-Nemət Pənahlı iddia edir ki, Əbülfəz Elçibəy KQB-nin yaratdığı AXC-nin sədri idi. AXC-nin proqramında aydın şəkildə qeyd edilirdi ki, AXC yenidənqurmaya yardım məqsədilə yaradılan ictimai təşkilatdır. Bu fikirlərə münasibətiniz necədir?
- Qeyri-ciddi söhbətdir. Aazərbaycan Xalq Cəbhəsinin içində KQB-yə bağlı insanlar ola bilər, var idi də, heç şübhə də doğurmur. Amma KQB-nin AXC-ni yaratması haqqında iddia irəli sürmək gülüncdür. O dövrdə təbii ki, KQB-nin yeni yaranmış bir təşkilata öz adamlarını salmaq marağı vardı. Söhbət konkret adamlardan gedə bilər. Amma o boyda böyük, vicdanlı insanların yer aldığı, mübarizə apardığı təşkilatı bu formada qaralamaq doğru deyil. Bu, analitik yanaşma da deyil, sadəcə böhtandır.
Nemət Pənahlının böhtanının qarşısında heç bir arqument işləmir, o, öz böhtanına inanıbsa, qoy inansın.
-4 iyun qiyamı ilə bağlı ayrı-ayrı yanaşmalar var. Belə iddialar da var ki, o dövrdə siyasi müxalifət hərbi müxalifətə dəstək verməsəydi, qiyam da olmazdı.
-4 iyun qiyamında əsas problem sırf səriştəsizliklə bağlı idi. Təbii ki, Rusiya, İran və başqa faktorlar da vardı. Amma yaxşı hərbi təşkilatlandırma qabiliyyəti olan insanlar bu işin başında dursaydı, Gəncədə məsələ böyüməyəcəkdi. Təəssüf ki, bacarıqlı adamlar irəli durmadı, ona görə də komanda məğlub oldu.
Məğlubiyyətdən sonra ittiham asan olur. Tarix qalib gələnlərin tarixidir. Məğlubiyyətin əsas səbəbi qabiliyyətsizlik idi. Qyamı yatırmaq üçün kifayət qədər resurs vardı. Bu resursların başında duran adamlar bunu doğru qiymətləndimədilər və ağır nəticə ortaya çıxdı.
Siyasi müxalifətin hərbi müxalifətə dəstək verib-verməməsinə gəlincə, bu, çox əhəmiyyətli rol oynamadı. Çünki o vaxt siyasi müxalifət hər hansı bir şəkildə proseslərə təsir göstərmək gücünə malik deyildi. Qalib gələndən sonra kimisə dəsəkləməyin və ya dəstəkləməməyin nəticəyə elə bir təsiri olmur.
Nərgiz Ehlamqızı