3 İyun 2016 14:59
1 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Federativ Respublikasının federal məclisi – Bundestaq iyunun 2-də qondarma erməni “soyqırımı”nın tanınması ilə bağlı qətnamə qəbul edib.

“101 il əvvəl erməni və digər xristian azlıqlara tətbiq edilən soyqırımın xatırlanması və anılması” adlanan qətnamə layihəsinin təşəbbüskarları iqtidardakı Xristian Demokrat İttifaqı (CDU) və müxalifətdəki Yaşıllar Partiyası olub. Layihənin əleyhinə 1 nəfər səs verib, daha 1 parlament üzvü isə bitərəf qalıb.

Qeyd edək ki, indiyədək dünyanın 24 ölkəsinin qanunverici orqanlarında, o cümlədən Avropa Parlamentində qondarma erməni soyqırımı ilə bağlı sənədlər qəbul olunub. Almaniya sayca 25-ci olub.

Bəs, bu sənədlərin qəbul olunması müasir Türkiyə üçün hansı hüquqi nəticələr doğura bilər? Türkiyə Beynəlxalq Cinayət Məhkəməsinə cəlb oluna bilərmi? Qardaş ölkənin təzminat ödəməsi məsələsinin qaldırılması mümkündürmü?

Bu istiqamətdə suallarımızı cavablandırması üçün hüquqşünas Qulamhüseyn Əlibəyliyə müraciət etdik. Q.Əlibəyli qeyd edib ki, bu istiqamətdə qəbul olunan qərar və qətnamələrin nə Azərbaycan, nə də Türkiyə üçün heç bir hüquqi qüvvəsi yoxdur. Onun sözlərinə görə, sadəcə olaraq bu mənasız qərar və qətnamələri erməni lobbisi ölkə-ölkə düşüb qəbul etdirmək istəyir: “Bundan Türkiyə və Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etmək istəyirlər. Təkrar edirəm; bu tipli qərarların istər Ermənistanla müharibə vəziyyətində olan ölkə kimi Azərbaycana, istərsə də Ermənistanla düşmən vəziyyətdə olan ölkə kimi Türkiyə üçün heç bir hüquqi əhəmiyyət daşımır. Sadəcə olaraq, Türkiyənin onsuz da Avropa Birliyinə doğru yolunu bağlayıblar, bu da əlavə təsir vasitəsi ola bilər. Azərbaycana qarşı təzyiq ola bilər. Yaxşı olardı ki, Almaniya Bundestaqı İkinci dünya müharibəsi dövründə yəhudilərin soyqırımına məruz qalmasını bir daha tanıyaydı, onlara bir daha yardım göstərəydi və sair. Yəni, əvvəlcə öz elədiklərini oturub fikirləşməli idilər”.

Q.Əlibəyli bildirib ki, Bundestaq belə bir qətnamə qəbul etməklə Türkiyəyə heç nə edə bilməz: “Almaniyaya Türkiyəyə hansı hüquqi aktı, hansı hüquq normasını tətbiq edəcək? Osmanlı imperiyasının 1915-ci ildə guya ermənilərə qarşı soyqırımı törətməsi iddiası ilə bağlı hələ 1920-30-cu illərdə beynəlxalq təşkilatların, o vaxtkı Millətlər Cəmiyyətinin sənədləri var və o vaxtı deyəsən bir dəfə məhkəmə də təşkil ediblər. Məhkəmənin də qərarı var. Türkiyənin soyqırımında heç bir günahı yoxdur. İndi Almaniya Bundestaqı qəbul etmir, lap Bundesratı qəbul etsin. Fransanın Milli Məclisi qəbul etdi, nə oldu ki… Ona görə bunu deyirəm ki, bundan nə qorxmaq, nə də təşvişə düşmək lazımdır”.

Hüquqşünas 1915-ci il hadisələri ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması perspektivinə də aydınlıq gətirib: “Qeyd etdiyim kimi 1920-30-cu illərdə belə bir məhkəmə yaradılıb. Həmin məhkəmənin qərarı ilə Türkiyə müqəssir elan olunmayıb. Kifayət qədər axtarışlar aparıblar, sübut da toplayıblar, amma soyqırımının törədilməsinin izlərini tapa bilməyiblər. Bundan sonra da hüquqi müstəvidə bu işin heç bir perspektivi yoxdur”.

Q.Əlibəyli bu işin hüquqi müstəvidə heç bir perspektivi olmaması səbəbindən Türkiyənin təzminat ödəməsinin də mümkünsüz olduğunu vurğulayıb: “Kim Türkiyəni məcbur edəcək ki, 100 il bundan əvvəl baş verməmiş, cinayət adlandırılan bir əmələ görə təzminat ödəsin. Vallah, gülməli bir işdir. Sağlıq olsun, biz də yavaş-yavaş Xocalı soyqırımını tanıtdırırıq. Bir azdan biz də təzminat tələb edəcəyik”.

Qeyd edək ki, Bundesrat AFR-in ali dövlət qanunvericilik orqanı olmaqla Bundestaqdan daha üstün səlahiyyətlərə malikdir.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər