4 iyun 1993-cü ildə Gəncədə baş verən hadisələrin 23-cü ildönümü ərəfəsində mərhun Elçibəyin qardaşı Almurad Əliyev maraqlı bir fakt səsləndirib.
Teleqraf.com-un məlumatına görəAlmurad Əliyev deyib ki, hamı Əbülfəz Elçibəyə qarşı birləşmişdi və məqsəd onu prezidentlikdən uzaqlaşdırmaq idi.
O, bildirib ki, həmin vaxt qiyamçı Sürət Hüseynov prezident Elçibəylə görüşmək istəyib: “Sizə bir faktı deyə bilərəm. Mənə məlumat gəldi ki, Sürət Hüseynov Əbülfəz Elçibəylə görüşmək, prezidentlə bəzi məsələləri müzakirə etmək istəyir. Bir tanışım yanıma gəldi. Dedi ki, Sürət Hüseynov prezidentlə görüşmək istəyir, bu görüşü təşkil etmək lazımdır. Mən də buna razı oldum. Belə razılığa gəldik ki, mən Yevlaxa gedirəm, orada qalıram, Sürət Hüseynov isə Bakıya gəlir və burada prezidentlə görüşür.
Sürət Hüseynov prezidentlə görüşdən sonra Gəncəyə qayıdır və bundan sonra Yevlaxda məni azad edərək Bakıya gəlməyimə şərait yaradılır. Mən bu təklifə razılığımı verdim və bu görüşü təşkil edə biləcəyimi həmin adama bildirdim. Lakin səhər həmin adam mənə zəng edərək bildirdi ki, Rəhim Qazıyev Sürət Hüseynovla Əbülfəz Elçibəyin görüşünün baş tutmasına imkan verməyib. Bununla da mənim xəttimlə keçirilə biləcək görüş baş tutmadı”.
Almurad Əliyev əlavə edib ki, özü bu təklifə razılıq verəndə və görüşü təşkil edəcəyini bildirəndə bundan prezidentin məlumatı olmayıb: “Əbülfəz bəyin bu razılaşmadan xəbəri yox idi. Sadəcə yanıma gələn adamla bu haqda mən razılaşdıq. SonradanƏbülfəz bəyə məlumat verdim. O da dedi ki, mən düz etmişəm. Kimsə danışmaq istəyirsə, sözü varsa, onu qəbul edib dinləyə bilər.
Əbülfəz bəy deyirdi, gəlsin, qəbul edərəm. Mən də oğlumu götürüb Yevlaxa gedəcəkdim, onların yanında oturacaqdım. Onlar Bakıda görüşdən sonra geri qayıdacaqdı və bizi Yevlaxda azad edəcəkdilər. Ancaq belə bir görüşün baş tutmasına imkan verilmədi. Başqa sözlə, Rəhim Qazıyev bu görüşü pozdu. Fikrimcə, əgər bu görüş baş tutsaydı, bəlkə də Gəncədə o hadisələr olmayacaqdı”.
Cabbar