Püşkün nəticələri məlum olandan sonra səfirlik PAOK klubu və müvafiq güc strukturları ilə əlaqəyə keçib. Bu oyunun həm "Qarabağ" klubu, həm də azarkeşlər baxımından tam təhlükəsiz keçməsi üçün lazımi əlaqələr yaradılıb".
Bunu Azərbaycanın Yunanıstandakı səfirliyinin baş konsulu Samir Məmmədov deyib.
Avropa Liqasının qrup mərhələsinin IV turunda keçiriləcək PAOK - "Qarabağ" oyununda təhlükəsizliyin lazımi səviyyədə təmin edilməsi ilə bağlı danışan konsul 50-dən artıq azərbaycanlı azarkeşin "Tumba" stadionunda olacağını bildirib:
"Haradasa 50-dən çox azarkeş gələcək. Bəlkə daha çox oldu, artıq biletlər də hazırdır. Onlar bayraqlarla stadiona gələcəklər. Bizi ən çox narahat edən başqa bir məsələ var. Burada 35 min erməni yaşayır və kifayət qədər aqressivdirlər. Səfirlik təxminən bir ay əvvəl müvafiq güc strukturları ilə danışıqlar aparıb. Özüm də bu gün baş polis idarəsinin ən yüksək rütbəli əməkdaşları ilə görüş keçirmişəm. Onlar da məni əmin ediblər ki, heç bir problem olmamalıdır və qondarma "Dağlıq Qarabağ"ın bayraqları qətiyyən stadiona buraxılmayacaq. UEFA da buna görə PAOK-a cəza verə bilər. Azarkeşlərimiz qorunacaq və komandamız da yüksək səviyyədə oyunu keçirib Azərbaycana qayıdacaq. Təhlükəsizlik tam təmin olunacaq".
S.Məmmədov PAOK - "Qarabağ" oyunundan gözləntilərini də dilə gətirib: "Burada yaşayan azərbaycanlılar olaraq "Qarabağ"ı ürəkdən dəstəkləyirik. Klublarımızın Avropada göstərdiyi oyunlar bizim başımızı uca edir. "Qarabağ"ın sabah buradakı uğurlu çıxışı əməlli başlı silkələnmə yarada bilər. Çünki onlar "Qarabağ"ın xal itirəcəyini gözləmirlər".
"Report.az"