"Hamı bilsin, nə qədər ki, o, komandanın baş məşqçisidir, milliyə dəvət alsam da, getməyəcəyəm".
“Qarabağ”ın hücumçusu Dino Ndlovu Cənubi Afrika Respublikası millisinin baş məşqçisi Efraim Maşabadan narazılıq edib.
Qol.az-ın xəbərinə görə, afrikalı futbolçu “World” qəzetinə müsahibəsində yaxşı formada olmasına baxmayaraq, milliyə dəvət edilmədiyini deyib və baş məşqçini günahlandırıb.
Qeyd edək ki, 26 yaşlı Ndlovu son dəfə CAR millisinə 2014-cü ildə, Afrika Millilət Kubokunun oyunları zamanı çağırılıb, lakin ona oynamaq şansı verilməyib.
“Mən çox təəssüf edirəm ki, beynəlxalq miqyasda uğurla çıxış etməyimə baxmayaraq, o, məni görməzdən gəlir. Əminəm ki, Maşabanın mənimlə problemi var” – deyə Ndlovu bildirib.
Ndlovu həmçinin bildirib ki, hazırda millinin bir çox oyunçusu Maşabanın fəaliyyətindən narazıdır: “Onun rəhbərliyi altında millidə oynamaram. İstəyirəm hamı bilsin, nə qədər ki, Maşaba komandanın baş məşqçisidir, milliyə dəvət alsam da, getməyəcəyəm. Mən onun istədiyi kimi məşq etmişəm, amma oynamaq şansı verməyib. Əgər belədirsə, milliyə dəvət edilməyimin nə adı var?”
O xatırladıb ki, daha iki futbolçu millidə oynamaqdan imtina edib: “Maşabanın idarəçiliyindən çox futbolçu narazıdır. Amma onlar bunu deməyə qorxurlar”.