"Qəbələ" klubunun prezidenti Tale Heydərov səfərdə "Kəpəz"i 6:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
Teleqraf.com Report-a istinadla həmin müsahibəni təqdim edir:
- Belə nəticəni gözləmirdik. Çünki ilk dövrədə Qəbələdə "Kəpəz"ə 0:2 hesabı ilə uduzmuşduq. Rəqib hazırda sonuncu yerdə olsa da, bugünkü görüş bizim üçün çox vacib idi. Futbolçularımız yaxşı çıxış etdilər və gözəl qələbə əldə etdilər.
- Artıq 13 oyun keçirmisiniz. Bu müddətdə "Qəbələ" lider olmasa da, ilk 3-lükdə qərarlaşıb. İki dövrə ərzində komandanızın çıxışını necə dəyərləndirərdiniz?
- Məncə, yaxşı çıxış etdilər. Bəzi oyunlarda xal itirməməli idik. Nəyə görəsə, "Qəbələ" bəzən zəif komandalara gözlənilmədən uduzur və ya xal itirir. Ümumilikdə, çıxışlarımızı yaxşı qiymətləndirərdim.
- Bu komanda "Qarabağ"ın hegemonluğuna son qoya bilər?
- Bunu etməyə çalışacağıq. "Qarabağ" da çox güclüdür, Çempionlar Liqasında çox gözəl çıxış edir. Ona görə də bizim üçün asan olmayacaq. Amma əlimizdən gələni edəcəyik ki, bu mövsüm çempion olaq.
- Son zamanlar "Qəbələ"nin maliyyə durumu ilə bağlı neqativ xəbərlər dolaşır...
- Bizdə heç bir problem yoxdur. Müəyyən vaxtlarda ödənişlərdə müəyyən gecikmələr baş verə bilər. Amma ümumilikdə ciddi problem olduğunu deməzdim. Bütün oyunçular hazırkı vəziyyətdən razıdırlar və hər şey qaydasında gedir.
- Qış hazırlıq planları ilə bağlı baş məşqçi Roman Qriqorçukla söhbətiniz olub?
- Baş məşqçi yeni oyunçular istəsə, onları almağa hazırıq. Əlbəttə, bu, mövcud büdcə imkanları daxilində baş verəcək. Baş məşqçi nə qərar versə, onu dəstəkləyəcəyik.