Sentyabrın 15-də Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçiləri iki medal qazanıblar.
Teleqraf.com xəbər verir ki, güləşçimiz Rafiq Hüseynov (82 kq) moldovalı Mixail Bradu, Ukrayna idmançısı Yuri Şkriuba, qazaxıstanlı Maxat Yerejepov və İran təmsilçisi Seyid Abdvalini məğlub edərək dünya çempionatının finalına yüksəlib. Həlledici qarşılaşmada təmsilçimiz Gürcüstan güləşçisi Laşa Qobadzeyə məğlub olaraq gümüş medalla kifayətlənib.
Dünya çempionu Eldəniz Əzizli (55 kq) də yarışa qələbə ilə başlayıb. Təmsilçimiz hindistanlı Manjet Manjeti məğlub edərək dörddəbir finala yüksəlib. İdmançımızın növbəti rəqibi Monqolustan güləşçisi Davaabandi Munh Erden olub. Rəqibini məğlub edən dünya çempionumuz yarımfinalda qazaxıstanlı Korlan Jokanşa ilə qarşılaşıb. Görüşdən məğlub ayrılan E.Əzizli bürünc medal uğrunda görüşdə Maks Emilyano Nourini (ABŞ) üstələyərək dünya çempionatını üçüncü pillədə başa vurub.
Qeyd edək ki, Dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparır. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda güləşçilər 108 Olimpiya vəsiqəsi uğrunda yarışırlar.