Fevralın 3-də Beynəlxalq Olimpiya Komitəsi (BOK), Beynəlxalq Paralimpiya Komitəsi və “Tokio-2020” Olimpiadasının təşkilat komitəsi bu ilin yayında Yaponiyada təşkili planlaşdırılan Yay Olimpiya və Paralimpiya Oyunlarının ilkin keçirilmə qaydalarını dərc ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə BOK-un saytında məlumat yerləşdirilib. Qaydalara əsasən, Oyunlarda iştirak edəcək idmançılar səhhətləri haqqında məlumatlara dair əlavədən istifadə etməli, ətrafdakılarla təmasdan maksimum çəkinməli, iki metrlik sosial məsafəni gözləməli və öz fəaliyyətlərinin planını tərtib etməlidirlər. Eyni zamanda, atletlər yarışları tamaşaçı kimi ziyarət edə bilməzlər. Tribunalardakı azarkeşlər üçün isə idmançıları dəstəkləmək üçün alqışlamağa və qışqırmağa qadağa tətbiq ediləcək.
Tokioya səfərə gələn bütün idmançılar ən gec 14 gün əvvəl alınmış koronavirus testinin nəticəsinin mənfi olması ilə bağlı cavabı təqdim etməli və sonrakı müddətdə digər şəxslərlə təmasdan çəkinməlidirlər. Bununla yanaşı, idmançıların Oyunlarda iştirak etməsi üçün peyvənd vurdurmalarının zəruri olmadığı da qaydalarda əksini tapıb. Bildirilir ki, buna baxmayaraq, qaydalar peyvənd vurulmasından asılı olmayaraq bütün idmançılara şamil ediləcək. Təhlükəsizlik barədə qaydalara əməl etməyən idmançıları isə Oyunlardan kənarlaşdırma cəzasının gözlədiyi qeyd olunub.
Xatırladaq ki, “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunları ötən il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə bu yarışların keçirilməsi cari il iyulun 23-dən avqustun 8-dək tarixlərinə dəyişdirilib. Paralimpiya Oyunları isə avqustun 24-dən sentyabrın 5-dək təşkil olunacaq.