“Bəzən olub hakimlərə etirazımı bildirmişəm. Hər xırda epizodda penalti, cərimə zərbəsi versə... Onların əlində o qədər qanunlar var ki, nə qədər də desən, doğrunu göstərəcəklər”.
Teleqraf.com xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXXII turunda “Neftçi” ilə matçda hakimlərə qarşı aqressiv davranması ilə bağlı suala cavab verərkən deyib.
Ağdam təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatan oyundan sonra mətbuat konfransında fikirlərini bölüşən təcrübəli mütəxəssis qeyd edib ki, hakimlər bəsit epizodlarda sarı vərəqələr göstərirlər: “Çox aqressiv deyildim. Soruşurdum, deyirdi ki, təzə qanunlar var. Belə matçlar çətin keçir. Bir az narazılığımı bildirdim”.
Qurban Qurbanov oyunla bağlı fikirlərini də bölüşüb: “Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Həm sayları, həm səsləri futbolçulara kömək oldu. Oyun da onların istədiyi kimi alındı. Qələbə qazanmağı çox istəyirdik. Nəticəni nəzərə almasaq və oyunu analiz etsək, 90 dəqiqə temp aşağı düşmədi. Baxmayaraq ki, “Neftçi” azlıqda qalmışdı, xeyli qol epizodu oldu. Sona kimi məğlub olmaq istəmədi. Hər iki komandanın futbolçularına təşəkkür edirəm ki, belə bir matç alındı. Qarşıdakı oyunlara hazırlaşmağa çalışacağıq”.