“Oyunun sonlarında böyük riskə getdik, alınmadı”
Teleqraf.com xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakı Olimpiya Stadionunda Polşanın “Rakuv” klubu ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis ilk görüşdəki 2:3 hesablı məğlubiyyətin əvəzini çıxa bilmədikləri üçün məyus olduqlarını bildirib: “Təəssüf ki, cütün məğlubu olduq. Amma çox maraqlı oyun oldu. Meydanda hər şey var idi. Hər iki komanda bir-birini çox yaxşı təhlil etmişdi. Xüsusən də, heç kim digərinə oynamaq imkanı vermədi. İkinci hissədə üstünlük bizim tərəfimizdə oldu. Xeyli sayda qol epizodlarımız oldu. Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Bu gün sanki meydanda futbolçularla birlikdə idilər. Futbolçular bu gün çox əziyyət çəkdilər. Demək olar ki, 10 nəfərlə rəqibin cərimə meydançasında idik. Hətta uduza da bilərdik. Çünki rəqibin təhlükəli əks-hücumları olurdu. Hamımız məyusuq. Bu oyunu qısa zamanda geridə qoyub, qarşıdakı görüşə hazırlaşmalıyıq”.
O, hər iki matçda qol epizodlarının “Rakuv”dan çox olduğunu əlavə edib: “Bəlkə qapıçı yaxşı oynadı, bəlkə ustalığımız tam çatmadı. Futbolda elə bir qanun yoxdur ki, həmişə ilk qolu mən vurmalıyam. İki komanda mübarizə aparırsa, biri sıradan çıxmalıdır. Bu gün dayanmaq bizim qismətimizdə oldu. Ürəkli oynadıq, rəqibin üzərinə getdik. Beşinci dəfə idi ki, Polşa klubu ilə görüşürdük. Haradasa məğlub olmalıydıq. Oyuna görə uduzmadıq. Fubolun yazılmayan qanunu var. Uğurlu seriya da nə vaxtsa bitir”.
Qurban Qurbanov rəhbərliyin transferlərə maliyyə ayırmaması ilə bağlı ünvanlanan sualı bu cür cavablandırıb: “Bu klubda rəhbərlik olaraq o qədər məsuliyyətli işləyirik ki, bəlkə çoxlarının bundan xəbəri yoxdur. “Qarabağ” rəhbərliyi Azərbaycan futbolu üçün çox şey edib. “Qarabağ”ın etdiklərini heç vaxt bildirməmişəm. Əgər bu gün klubun qazandığı pullar sayılırsa və düşünüsünüzsə ki, pullar harasa gedir, yanlışdır. Bütün pullar Azərbaycan futboluna yatırılır. Hər birimiz kasıb, ürəkli, bacarıqlı futbolçularla çox işlər görməyə çalışırıq. Azərbaycan futbolunu “Qarabağ”ın büdcəsi ilə ölçürsünüzsə və düşünürsünüzsə ki, problem bundadır, sizə əlavə nəsə deyə bilmərəm. Kiçik büdcə ilə ölkə futbolu üçün böyük işlər görməyə çalışırıq. Bu gün uduzduğumuz üçün futbolçuların, rəhbərliyin gördüyü iş sıfıra bərabər sayılırsa, bu tip məsələlərə cavab verməyəcəyəm. Bizdə nə məsuliyyətsiz işçi, nə də futbolçu var. Burada hamı Azərbaycan futbolunun uğuru, komandamızın böyüməsi üçün əlindən gələni edir”.
Baş məşqçi həftəsonu Azərbaycan Premyer Liqasının I turunda “Zirə” ilə oyunda heyətdə dəyişikliklər olacağını istisna etməyib: “Zirə” ilə oyunda bəlkə bir az çətin olacaq. Yorğunluq ola bilər. Amma matça qədər futbolçuları hazırlamağa çalışacağıq. Oynamayan futbolçularımız var, rotasiyalar edə bilərik. Azərbaycan çempionatına uğurlu start vermək istəyirik”.