“Bakıda azarkeşlərimizi qələbəylə sevindirmək istəyirik. Həmin oyun həm də qrupda ikinci yeri tutmaq baxımından son şansımız olacaq”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycanın futzal millisinin baş məşqçisi Vitali Borisov AVRO-2026-nın əsas mərhələsində Xorvatiyaya qarşı 9:2 hesabla uduzduqları oyundan danışarkən deyib.
Yığmanın 43 yaşlı baş məşqçisi böyükhesablı məğlubiyyəti belə şərh edib: “Komandalar arasında səviyyə fərqi açıq seçilirdi. 9 qoldan 6-nı səhvlərimizdən buraxdıq. Çox yüngül səhvlərə yol verdik, əvəzində 6-7 qol epizodundan 2-ni reallaşdıra bildik. Bu cür oyunlarda ələ düşən hər fürsəti dəyərləndirməlisən”.
Vitali Borisov AVRO-2026-nın əsas mərhələsində fevralın 4-ü Yunanıstana qarşı keçirəcəkləri matçdan da söz açıb: “Xorvatiyaya qarşı ilk dəqiqələrdən “5-in 4-ə” oynamaqla sürəti aşağı salmağa, bununla həm də gücümüzə qənaət etməyə çalışdıq. Çünki fevralın 4-də Bakıda Yunanıstanla oyunumuz var. Həmin matç qrup mərhələsini yuxarı pillələrdə başa vurmaq baxımından əhəmiyyətlidir. Uşaqlara elə də çox iradım yoxdur. Bacardıqları qədər mübarizə apardılar. Bu görüşü unutmalı, Yunanıstanla matça diqqət yetirməliyik”.
Qeyd edək ki, Azərbaycan millisi AVRO-2026-nın əsas mərhələsində fevralın 4-ü saat 20:00-da Yunanıstan yığmasını qəbl edəcək.