15:52
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın planlaşdırdığı tariflərlə amerikalı ailələr bu il orta hesabla əlavə 830 dollar vergi ödəməli ola bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə qeyri-kommersiya təşkilatı “Tax Foundation”un analitik araşdırmasında qeyd edilib.

Məlumata görə, iqtisadçılar tariflərin ev təsərrüfatı və bütöv iqtisadiyyat üçün mənfi nəticə verəcəyindən narahatdırlar. Son məlumatlar göstərir ki, tariflər amerikalıların son illər əldə etdikləri iqtisadi qazanca təhdid yarada bilər.

Araşdırmalara görə, Trampın əvvəlki prezidentliyi dövründə və Bayden zamanında tətbiq olunan tariflər iqtisadiyyata zərər vurub.

Trampın ilk administrasiyası 2018-2019-cu illər arasında tariflər vasitəsilə təxminən 80 milyard dollar yeni vergi tətbiq edib.

Bayden administrasiyası bu tariflərin əksəriyyətini qüvvədə saxlayıb və ötən ilin may ayında əlavə 18 milyard dollarlıq Çin məhsullarına, o cümlədən yarımkeçiricilərə tarif artımı tətbiq edib. Tədqiqatçılar bunun 3.6 milyard dollar həcmində vergi artımına səbəb olduğunu qeyd ediblər.

"Tax Foundation" bundan əvvəl həm Tramp, həm də Baydenin tariflərin qiymətlərini qaldırdığını, istehsalı azaltdığını, məşğulluğu aşağı saldığını və ABŞ iqtisadiyyatına ümumilikdə mənfi təsir göstərdiyini bildirmişdi.

Keçən ay qanunvericilərə göndərilən məktubda Konqresin Büdcə Ofisi də tariflərin ilkin mərhələdə istehlak mallarının qiymətlərini artıracağını, lakin 2025-ci ildən sonra qiymətlər üzərində əlavə əhəmiyyətli təsirinin olmayacağını qeyd etmişdi.

Ofis həmçinin vurğulayıb ki, alıcılıq qabiliyyətində ən yüksək azalmalar daha kasıb ailələrdə olacaq.

Xatırladaq ki, Donald Trampın bu gün Meksika və Kanadadan idxal olunan mallara 25%, Çindən idxal olunan məhsullara isə 10% dəyərində yeni yüksək tariflər tətbiq edən sərəncamı imzalayacağı gözlənilir.

Bu addım illik 2.1 trilyon dollardan çox ticarət dövriyyəsini poza bilər.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər