31 Yanvar 21:12
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kişi və qadın şahmatçılar arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, gənclər və idman naziri Fərid Qayıbov, şahmatçılar və məşqçilər iştirak ediblər.

Tədbir Dövlət Himninin səslənməsi və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

İlk olaraq AŞF-nın prezidenti Mahir Məmmədov çıxış edib. O, tədbir iştirakçılarını salamlayıb: "Tədbirə gələn hər kəsi salamlayıram. Mən çox şadam ki, Azərbaycan şahmatı tarixində misilsiz bir çempionat olacaq. Bütün ölkə çempionları bu yarışda mübarizə aparacaq. Buna nail olmaq üçün xeyli işləməli olduq. Sevindirivi haldır ki, yarışa ölkə hüdudlarından kənarda yaşayan şahmatçılar da gəliblər. Bu, kişilər arasında Azərbaycanın 80-ci, qadınlar arasında 75-ci çempionatıdır. Yubiley çempionat deyə bilərik. Şahmatçıların taxta arxasında döyüşkən mübarizə aparacağına ümid edirəm. Əsl idman mübarizəsi olacağına inanıram. Şahmatçıların hamısına uğurlar arzulayıram".

Daha sonra çıxış edən gənclər və idman naziri Fərid Qayıbov şahmat idman növünün Azərbaycanda ildən-ilə yaxşılaşdığını bildirib: "Azərbaycan Şahmat Federasiyası yaxşı işlər görür. Ölkə çempionatının səviyyəsi qalxdığını görürəm, bizim şahmatçılarımız buna layiqdirlər. Şahmatda nəticələrimiz ildən-ilə yaxşılaşır. Bizi maraqlı çempionat gözləyir".

Tədbirin yekununda keçirilən püşkatmaya əsasən kişilərin yarışında tək rəqəmlilər mübarizəyə ağ, qadınlar isə qara rənglə başlayacaqlar.

Qeyd edək ki, Azərbaycan çempionatında 1-ci mərhələnin oyunları sabah saat 15:00-da start götürəcək. Kişilərin yarışının mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir. Kişilərdə 26, qadınlarda 16 qrossmeyster ölkə çempionu adı uğrunda yarışacaq.


Müəllif: Royal Həsənov

Oxşar xəbərlər