Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin maneəsiz dəhliz şərtini qəbul edib.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Analitik Ermənistan rəhbərinin dünən keçirdiyi mətbuat konfransında verdiyi bəyanatdan bu qənaətə gəlib:
“İlham Əliyev nəqliyyat məsələləri ilə bağlı son müşavirəsində Zəngəzur dəhlizi ilə Naxçıvana və əks istiqamətdə maneəsiz keçidin təmin edilməsinin Ermənistan üçün əsas şərt olduğunu bildirdi. Paşinyan dünən Əliyevə cavabında buna etirazının olmadığını, amma yolun “Ermənistanın yurisdiksiyası çərçivəsində” açılacağını söylədi.
İrəvan indiyədək Bakının maneəsiz keçid tələbini “suverenliyə müdaxilə” kimi qəbul edərək, buna qarşı çıxırdı. Artıq Paşinyan ictimaiyyət önündə Azərbaycanın bu şərtini qəbul etdiyini bəyan elədi.
Hesab etmək olar ki, Zəngəzur dəhlizi ilə bağlı mövqelərdə yaxınlaşma var. Rusiyanın dəhlizə nəzarət məsələsi isə prosesdən tam çıxarılıb. Yəni Rusiya artıq prosesdə yoxdur. Moskva danışıqlarda iştirak etmir, dəhliz açıldıqdan sonra yerdə də olmayacaq. Rusiya bundan sonra acaq açılacaq dəhlizdən daşımalar üçün istifadə edə bilər. Elə Paşinyanın özü də dünən Rusiyanın nəzarətinə etiraz elədi”.
Məhəmməd Əsədullazadə qeyd edib ki, Azərbaycan və Ermənistan dəhliz məsələsini ikitərəfli danışıqlar müstəvisində çözəcək:
“Həmçinin Paşinyan yolun İran ərazisindən keçməsindən narahatdır. Təsadüfi deyil ki, o, mətbuat konfransında buna da toxundu. Çünki bu, Ermənistanı yenə də iqtisadi blokada vəziyyətində saxlaya bilər. Buna görə də, Paşinyan Azərbaycan liderinin mesajına dərhal cavab verərək, maneəsiz keçidə etiraz etmədiyini açıqladı.
Dəhlizin təhlükəsizliyinə gəlincə, yaxşı olardı ki, yola birbaşa Azərbaycan və ya Türkiyə nəzarət eləsin. Amma Ermənistan bununla hələlik razı deyil. İkitərəfli birgə patrul da qarşılıqlı etimad olmadığı üçün mümkün görünmür. Zəngəzur dəhlizinə nəzarəti təhlükəsizlik sahəsində ixtisaslaşmış beynəlxalq bir quruma müvəqqəti vermək olar. Hər halda tərəflər buna da bir yol tapacaqlar, əsas odur ki, dəhlizin işə düşməsi prosesi sürətlənib. Görünür, nəzarət məsələsi də hansısa formada razılaşdırılıb. Gedişatda bu da açıqlanacaq.
Zəngəzur dəhlizində təhlükəsizlik istədiyimizə uyğun olarsa, sərnişindaşımaları mümkün olacaq. Amma Azərbaycan tam təhlükəsizlik olanadək bir müddət yükləri Zəngəzurla, sərnişinləri isə İran üzərindən daşımalıdır”.