10:36
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Müdafiə Nazirliyinin nüvə inkişaf proqramından məsul olan gizli qurumu ölkənin kosmik proqramına cəlb olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropada yerləşən İran Milli Müqavimət Şurasının (NCRI) hesabatında deyilir.

İran rəhbərliyinə yaxın mənbələr bildirirlər ki, Müdafiə İnnovasiyaları və Tədqiqat Təşkilatı (SPND) adlanan qurum əvvəllər kosmik sınaq və buraxılış məntəqələri kimi təyin edilmiş iki sahədə fəaliyyət göstərir.

NCRI İranın kosmik proqramı üçün nüvə silahı proqramında istifadə oluna biləcək texnologiyalar hazırlamasından şübhələnir. Hesabatda deyilir ki, bu cür texnologiyaların inkişafı kommersiya fəaliyyəti kimi maskalanır.

“Onlarla mənbədən toplanan və diqqətlə yoxlanılan hesabatlar göstərir ki, son aylarda SPND Şahrud və Səmnan şəhərlərində nüvə başlıqları yaratmaq səylərini artırıb”, - NCRI qeyd edir.

Sənəddə vurğulanır ki, obyektlərdən birində, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən ortamənzilli ballistik raketlərin hazırlanması üçün istifadə edildiyi güman olunan Şahrud Kosmik Mərkəzində böyük bir SPND komandası çalışır.

Mərkəzin fəaliyyəti ilə tanış olan mənbələrə görə, SPND mütəxəssisləri 3000 km-dən çox mənzilli və mobil buraxılış meydançasına malik “Qaem 100” raketi üçün nüvə başlığı üzərində işləyirlər. İran 2022-ci ildə kosmosa aşağıorbitli peyklərin buraxılması, həmçinin ballistik raket kimi istifadə oluna bilən “Qaem 100” raketinin yaradıldığını bəyan eləmişdi. NCRI “Qaem 100”-ün Şimali Koreya raketlərindən kopyalandığını bildirir.

İkinci yer isə Səmnan şəhərində yerləşən İranın ilk kosmodromu olan “İmam Xomeyni”dir. İran ötən ilin dekabrında buradan kosmosa indiyə qədərki ən ağır maye yanacaqlı raketini buraxıb.

NCRI-nin hesabatına görə, İran 2900 km-dən çox mənzilə malik “Simurq” kimi maye yanacaqla işləyən raketlərin yaradılması üçün bu cür texnologiyalardan istifadə etməyə davam edir. Təşkilat qeyd edir ki, bundan kosmosa daha ağır peyklər çıxarmaq üçün istifadə oluna bilər, həmçinin o, nüvə başlığı daşımağa qadirdir.

Xatırladaq ki, İran Milli Müqavimət Şurası Tehrandakı rejimə müxalif qrupdur. NCRI özünü mühacirətdə olan hökumət hesab edən və hazırkı İran hökumətinin devrilməsinin tərəfdarı olan Xalq Mücahidləri Təşkilatına bağlıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər