Xarici işlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Lazar Komanesku ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə Azərbaycan-QDİƏT əməkdaşlığı, 2025-ci ilin birinci yarısında Azərbaycanın Təşkilata sədrliyi, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir QDİƏT-in regional əməkdaşlığın təşviqi və irəlilədilməsi baxımından əhəmiyyətli platformalardan biri olduğunu qeyd edərək, ölkəmizin Təşkilat çərçivəsində mövcud əməkdaşlığın daha da gücləndirilməsinin tərəfdarı olduğunu diqqətə çatdırıb.
Azərbaycanın regional iqtisadi, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat, kommunikasiyalar, turizm istiqamətində təşəbbüslərindən bəhs olunub, xüsusilə Xəzər-Qara-Aralıq dənizləri bölgələrini birləşdirən “yaşıl enerji” dəhlizi layihəsinin, habelə “orta dəhliz”in inkişaf etdirilməsi üzrə səylərin əsas istiqamətlərdən olduğu qeyd edilib.
Təşkilat çərçivəsində enerji, yaxşı idarəçilik və digər işçi qruplar çərçivəsində birgə səylərin artırılması məsələləri nəzərdən keçirilib.
Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyindən bəhs edən tərəflər, ötən il Azərbaycanda keçirilən bu mötəbər tədbir çərçivəsində yeni iqlim maliyyəsi hədəfi, karbon bazarları, İtki və Zərər Fondu ilə bağlı bir sıra vacib qərarların qəbulunun əhəmiyyəti, iqlim fəaliyyəti üzrə QDİƏT-də birgə fəaliyyətin vacibliyi vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər müzakirə olunub.