13 Mart 2018 13:10
1 507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın neft ölkəsi kimi tanınmasından çox illər əvvəl bu "qara qızıl"ın daşınması primitiv karvan üsulları ilə arabalarda yerləşdirilmiş taxta çəlləklərlə və tuluqlarla yerinə yetirilirdi. Belə üsul baha başa gəlməsi ilə yanaşı neft işinin sürətli inkişafına da ciddi maneə yaradırdı. Bunun üçün də neft istehsalçıları böyük gəlirlər əldə etmək məqsədilə dəmir yol xəttlərinin çəkilişinə yüksək maraq göstərməyə başladılar. Beləliklə, demək olar ki, Bakı nefti və onun sənaye istehsalı əvvəl paytaxtımızda, sonra isə bütün Azərbaycanda rels yolunun yaranmasına səbəb oldu. 1878-ci ildə dövlət fərmanına əsasən Azərbaycanda ilk dəmir yolunun - uzunluğu 20 km olan Bakı-Suraxanı-Sabunçu xəttinin çəkilişinə başlanıldı.

Neftin daşınması məqsədilə çəkilən dəmir yolları sonradan daha da uzandı və "qara qızıl"la yanaşı bir çox məhsulların daşınmasını da həyata keçirdi. Bu gün isə dəmir yolları ən çox istifadə edilən nəqliyyat vasitələrindən biridir. Dəmir yolunun çəkilişindən sonra stansiyalar ətrafında fəaliyyət göstərən ənənəvi yükdaşıyıcı vasitələrin yönü daxili daşımalara istiqamətləndirilib, ümumi yüklərin həcmi və çeşidi isə artıb. Azərbaycan Dəmir Yolları beynəlxalq və regional layihələrin birbaşa iştirakçısına çevrilib.

Rəqəmlər göstərir ki, 2017-ci ildə dəmir yolu nəqliyyatında daşınan yüklərin həcmi əvvəlki illə müqayisədə 7 faiz azalsa da, sərnişin daşınması 23.8 faiz artıb. Yük dövriyyəsi 4587.4 milyon ton-km, sərnişin dövriyyəsi 466.6 milyon sərnişin-km olub. Yük daşımalaının 28.9 faizi, sərnişin daşımalarının 93.5 faizi ölkədaxili daşımaların payına düşür. Ötən il dəmir yolu nəqliyyatı ilə yük daşımalarından 265.1 milyon manat, sərnişin daşımalarından 14.2 milyon manat gəlir əldə edilib.

Bununla yanaşı bir sıra stansiyalarda təmir işləri aparılıb, proses bu gün də davam edir. Bu il isə Azərbaycan Dəmir Yolları üçün məhsuldar illərdən biri olacağı gözlənilir. Artıq qatarların sürətini və intensiv hərəkətini təmin etmək məqsədilə Bakı-Sumqayıt dairəvi dəmir yolunun əsaslı təmirinə start verilib. Ümumi uzunluğu 107 km olan baş yollarda təmir işlərinin sentyabr ayına qədər başa çatdırılması planlaşdırılır. Layihə mərhələli şəkildə həyata keçiriləcək. İlkin mərhələdə Sabunçu-Bakı sərnişin stansiyası istiqamətində 14 km yolun sökülməsi və əsaslı təmiri nəzərdə tutulub.

Bu yolun qoyuluşu başa çatandan sonra Bakı və Bakıətrafı qəsəbə və kəndlərin əhalisinin, dəmir yolundan istifadə etməklə, nəqliyyat problemi, qismən də olsa, aradan qaldırılacaq. Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başına rahat və təhlükəsiz şəraitdə çatacaq.

Regional layihələrinin reallaşması prosesinin aktiv iştirakçısı

Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova Publika.az-a bildirib ki, son üç il ərzində, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı və nəzarəti ilə, dəmir yolunda ən müasir standartlara cavab verən texnologiyaların tətbiq olunması dövrü başlayıb:

“Enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçilməsi, işarəvermə və rabitə sisteminin yeniləşdirilməsi üzrə avadanlıqların alınması, yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parklarının yenilənməsi və s. sahələrin müasir tələblər səviyyəsinə çatdırılması üzrə bir sıra mühüm tədbirlər həyata keçirilib. Azərbaycan Dəmir Yolları beynəlxalq və regional layihələrinin reallaşması prosesinin aktiv iştirakçısıdır. XXI əsrin əsas layihələrindən olan və təkcə üç xalqı, üç ölkəni deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 2017-ci ilin oktyabr ayında istifadəyə verilməsi tarixi bir hadisə idi”.

S.Qədirova bildirib ki, Azərbaycanın önəm verdiyi digər bir layihə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılmasıdır: "Bu, həqiqətən də tarixi hadisədir. Bu dəhliz Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır.

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin icrası çərçivəsində Azərbaycan tərəfi öz üzərinə düşən vəzifələri yerinə yetirib. Eyni zamanda Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası da başa çatır. Yaxın vaxtlarda Astara (Azərbaycan)-Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi gözlənilir. Eləcə də Azərbaycanın iştirakçısı olduğu “Cənub-Qərb” Beynəlxalq Nəqliyyat Dəhlizlərinin reallaşması Avropa Birliyi ilə Hindistan arasında, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu Çindən Türkiyəyə, habelə Avropaya və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir”.

Sözsüz ki, həyata keçirilən islahatlar nəticəsində dəmir yolu nəqliyyat xidmətlərinə olan tələbatın tam ödənilməsi, çevik tarif siyasətinin müəyyən edilməsi, Azərbaycanın tranzit potensialının artırılması, institusional islahatların aparılması, dəmir yolu nəqliyyatının fəaliyyətinə dair təkmil qanunvericilik bazasının formalaşdırılması, dəmir yolu sahəsi üçün yüksək ixtisaslı kadrların hazırlanması və onların sosial müdafiəsi təmin olunacağı inamını yaradır.

S.Qədirova dəmir yolunun sərnişin təsərrüfatının daha da inkişaf etdirilməsi üçün kompleks tədbirlər planı olduğunu vurğulayıb:

“Vətəndaşlar rahat nəqliyyat vasitəsi kimi həmişə dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər. Bayram günlərində gücləndirilmiş iş rejimi tətbiq olunur ki, müəyyən qədər sərnişin sıxlığı aradan qaldırılsın. Sərnişinlərə göstərilən xidmət mədəniyyətinin daha da yüksəltmək üçün mütəmadi olaraq islahtlar aparılır. Beynəlxalq istiqamətdə Bakı-Moskva, Bakı-Tbilisi, Bakı-Xarkov və Bakı-Rostov sərnişin qatarları hərəkət edir. Yaxın gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasının həyata keçirilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, 2015-ci ilin sentyabr ayından Bakı-Sumqayıt istiqamətində ikimərtəbəli sürətli ekspress qatarları işləyir.

S.Qədirova bildirib ki, gələcəkdə Bakı-Gəncə-Bakı istiqamətində də sürət qatarının istifadəyə verilməsi, sonrakı illər üçün müəyyən edilmiş perspektiv planda isə Heydər Əliyev Beynəlxalq Aeroportuna, Şahdağ və Qəbələ turizm mərkəzlərinə dəmir yolu xətlərinin çəkilməsi planlaşdırılır və hazırda bu xətlərin layihələndirilməsi işləri aparılır.

Bu günlərdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamda qeyd olunduğu kimi, Abşeron yarımadasında mövcud dəmir yolu xətlərinin yenidən qurulması və dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsi, mövcud dəmir yolu xətlərinin reabilitasiyası və bərpası, elektrik təchizatı, rabitə və işarəvermə şəbəkəsinin əsaslı təmiri, yol kənarlarının mühafizə çəpəri ilə bağlanması, bəzi dəmir yolu keçidlərinin müxtəlif səviyyəli keçidlərlə əvəzlənməsi, stansiya binalarının yenidən qurulması və digər işlərin aparılması nəzərdə tutulur. Bu işlərin həyata keçirilməsi üçün isə 100 milyon manat vəsait ayrılıb. Azərbaycan Dəmir Yollarından bildirilib ki, hazırda bu istiqamətdə araşdırma, layihələndirmə işləri aparılır.

Qoyulan xərcləri qısa zamanda geri qayıdır

Azərbaycan Texniki Universiteti “Dəmiryol nəqliyyatının istismarı” kafedrasının müdiri, texnika elmləri doktoru, professor Heybətulla Əhmədov açıqlamasında bildirib ki, bir çox imkanları baxımdan dəmir yolları digər nəqliyyat vasitələrindən daha əlverişlidir.

“Məsələn, hava nəqliyyatı duman, leysan səbəbindən hərəkət edə bilmir, amma dəmiryolu nəqliyyatı gecə-gündüz xidmət göstərmək iqtidarına malikdir. Bütün quru ərazilərdə süni qurğular, mühəndis qurğuları,estakadalar qurmaqla qısa zamanda dəmir yolu xətti çəkmək mümkündür. Bu baxımdan da dəmir yolları üstünlüyə malikdir. Dəmir yolu bütün yükləri və sərnişinləri birbaşa mənzil başına çatdıra bilən nəqliyyat vasitəsidir. Avtomobil nəqliyyatından uzaq məsafələrə istifadə etmək istismar xərclərini artırdığına görə sərfəli olmur. 150-200 km-dən sonra istismar xərcləri o qədər artıq olur ki, mənfəətli hesab edilmir. Bu Baxımdan isə dəmir yolları effektiv üsul hesab olunur. Xüsusən də, sənaye müəssisələrinin dəmir yollarına yaxın yerləşdiyi bölgələr üçün bu, ən səmərəli nəqliyyat vasitəsidir”.

H.Əhmədov qeyd edib ki, sərnişin daşımaları maya dəyəri baxımdan həddən artıq baha başa gəlsə də, qoyulan xərcləri qısa zamanda geri qaytarmaq olur:

“Dəmir yollarında çox az hallarda sərnişin daşımadan səmərə əldə etmək mümkün olur. Çünki vaqonların sərnişin tutumu az olur, sərnişinin ödədiyi vəsait xərcləri ödəmir. Lakin yükdaşımada dəmir yolu əlverişli nəqliyyat vasitəsi hesab edilir. Bu zaman eyni anda 55-60 vaqon yüklə doldurula, həm də müxtəlif növ yüklər daşına bilər. İstismara başlanana qədər çəkilən xərclər (tikinti, quraşdırılma, elektrik lokomotivlərindən istifadə üçün elektrik naqillərinin çəkilməsi) baxımından dəmir yolu nəqliyyat daha çox vəsait tələb edir. Ancaq buna baxmayaraq qısa zamanda qoyulan xərcləri geri qaytarmaq mümkündür. Çünki sürətli, gecə-gündüz, təbii şəraitdən asılı olmadan yük və sərnişin daşımalarını həmin yollar üzərində həyata keçirmək mümkün olur. Daşımanın imkanları baxımdan bir çox nəqliyyat vasitələrindən öndədir. Lakin bununla yanaşı xidmətin daim diqqətdə saxlanılması mütləqdir, yol təsərrüfatı təşkilatları yolun texniki vəziyyətini daim saz vəziyyətdə saxlamalıdır. Son illər Azərbaycan Dəmir Yollarında yeniliklər diqqət çəkir. Görülən işlər bu sahənin canlandırıldığını göstərir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər